Lüksemburqda “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının bürosu açılıb FOTOLAR
Heydər Əliyev Fondu və Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyinin dəstəyi ilə Lüksemburqda "Qarabağ" Azərbaycan Mədəniyyət Assosiasiyasının informasiya bürosunun açılış mərasimi keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, informasiya bürosunun açılışının əsas məqsədi Azərbaycan mədəniyyətinin, eyni zamanda Qarabağla bağlı həqiqətlərin Lüksemburqda, eləcə də bütün Avropada daha geniş kütləyə çatdırılmasıdır.
Qeyd edək ki, "Qarabağ" Azərbaycan Mədəniyyət Assosiasiyası 2011-ci ildən bəri Lüksemburqda fəaliyyət göstərir.
Tədbirdə Lüksemburqda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və üzvləri, Lüksemburq Xarici İşlər Nazirliyinin baş katibinin müavini Leo Faber, Lüksemburqun digər dövlət qurumlarının nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri və jurnalistlər iştirak ediblər. Lüksemburqun mərkəzi küçələrindən birində yerləşən bu informasiya bürosu və onun tərkibinə daxil olan sərgi zalı vasitəsi ilə ölkəmiz, eləcə də işğal altında olan Dağlıq Qarabağ bölgəsi ilə bağlı tarixi, mədəni, turistik məlumatların yerli əhaliyə çatdırılması, mütəmadi şəkildə müvafiq tədbirlərin təşkili nəzərdə tutulur. İnformasiya bürosu istənilən ziyarətçi üçün hər zaman açıqdır və Azərbaycanla bağlı zəngin ədəbiyyata – müxtəlif kitablar, jurnallar, audio və video materiallar, broşürlər və s. əyani vəsaitlərə malikdir. İnformasiya bürosunun yüksək zövqlə hazırlanmış dekorasiyası Azərbaycan mədəniyyəti və incəsənətinin bir çox elementlərini özündə əks etdirir.
Tədbirdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının idarə heyətinin üzvü, millət vəkili Rövşən Rzayev, millət vəkili Fuad Muradov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, səfirliyin müşaviri Fərəh Gözəlova və "Qarabağ" Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Lea Linster çıxış ediblər.
R. Rzayev assosiasiyanın yaradılmasında və fəaliyyətində əməyi keçən hər bir kəsə təşəkkürünü bildirib və bu kimi təşkilatların fəaliyyətinin avropalıların Azərbaycan həqiqətləri barədə məlumatlandırılması baxımından əhəmiyyətini önə çəkib.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB