QDİƏT-ə üzv Dövlətlərin Gömrük İdarələri Rəhbərlərinin iclası keçirilib YENİLƏNİB (VİDEO)
Bu gün Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv Dövlətlərin Gömrük İdarələri Rəhbərlərinin iclası keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədr müavini Rza Həsənəliyev, QDİƏT Daimi Beynəlxalq Katibliyinin Baş katibinin müavini Traian Chebeleu, Yunanıstaın Maliyyə Nazirliyinin Beynəlxalq İqtisadi Əaqələr İdarəsinin direktoru Odyssefs Pylalis və digərləri iştirak ediblər.
Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin müavini Rza Həsənəliyev bildirib ki, QDİƏT-in yaradılması iqtisadi əməkdaşlığa böyük təkan verib: "Bu, gömrük xidmətləri arasında da öz nümunəsini göstərib. Hər bir ölkənin qarşısında duran ilk məqsədlərdən biri ölkənin iqtisadi təhlükəsizliyi təmin etməkdir. Bu sahədə gömrük xidmətləri arasında əməkdaşlıq çox vacibdir".
QDİƏT Daimi Beynəlxalq Katibliyinin Baş katibinin müavini, səfir Traian Chebeleu bildirib ki, QDİƏT-ə üzv dövlətlərin gömrük idarələri rəhbərlərinin iclasında əsas məqsəd, bu görüş üçün əsas materialların hazırlanmasıdır: "Bu qrupun sonuncu görüşü 6 il bundan əvvəl keçirilib. Bu iclasda 6 il ərzində görülən işlər barədə ətraflı müzakirələr aparılıb. Bu təşkilatda əlaqələndirici funksiyasını həyata keçirən Azərbaycanın tövsiyyəsi ilə gündəlikdə olan ən vacib məsələlər müzakirə olundu. Əsas məsələlərdən biri də, müxtəlif dövlətlər arasında ticarətin asanlaşdırılması üçün gömrük orqanlarının oynadığı roldan ibarətdir. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının əsas məqsədlərindən biri, məhz region daxilində və ölkələr arasında ticarət mübadiləsinin aparılması və ticarət münasibətlərinin daha da geniş vüsət tapması, o cümlədən ticarətin asanlaşdırılmasıdır. Ümid edirəm ki, görüş çox məhsuldar olacaq və bu, görüşün nəticələrinin qəbul ediləcək yekun sənədində də öz əksini tapacaq".
Yunanıstaın Maliyyə Nazirliyinin Beynəlxalq İqtisadi Əaqələr İdarəsinin direktoru Odyssefs Pylalis isə diqqətə çatdırıb ki, Bakıya ilk səfəri olmasına baxmayaraq, buradakı mövcud iqtisadi inkişaf templəri, ölkədə tərəqqi ilə bağlı görülən işlər onda müsbət mənada böyük təəssüratlar yaradıb: "Yunanıstan Qara dəniz bölgəsində İqtisadi Əməkdaşlıq məsələlərinə çox böyük önəm verir. Bu görüş bir sənədin qəbulu ilə yekunlaşacaq. Təbii ki, söhbət Bakı Bəyannaməsinin qəbulundan gedir. Həmin bəyannamə QDİƏT-ə üzv dövlətlərin Gömrük İdarələri Rəhbərlərinin "Ticarətin asanlaşdırılmasında gömrük xidmətlərinin təşəbbüsləri"ni əhatə edir. Yunanıstanda hər bir mənada Azərbaycanı dəstəkləməyə hazırdır".
Qeyd edək ki, iclasdan öncə tədbir iştirakçıları Fəxri Xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, üzərinə əklil və gül dəstləri qoyublar. Qonaqlar sonra oftolmoloq alim Zərifə xanım Əliyevanın da məzarını ziyarət ediblər. Tədbir iştirakçıları Şəhidlər Xiyabanına da gələrək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin məzarını ziyarət edib, "Əbədi Məşəl" abidə kompleksinin önünə əklil qoyublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB