YAP Nərimanov rayon təşkilatında partiyanın 22 illiyi qeyd olunub FOTOLAR

YAP Nərimanov rayon təşkilatında partiyanın 22 illiyi qeyd olunub FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatında (YAP) YAP-ın yaradılmasının 22-ci ildönümü münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin, YAP Nərimanov rayon təşkilatının nümayəndələri və eləcə də gənclər iştirak ediblər. Tədbir iştirakçıları rəsmi hissədən öncə rayon təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.

Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov YAP-ın yaranma tarixinə nəzər salaraq qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaranması həmin dövrün siyasi həyatında baş verən hadisələrin zərurətindən yaranıb: "Partiyanın yaranması həmin dövrün siyasi proseslərinin gərgin olduğu, ölkənin uçuruma yuvarlandığı bir zamana təsadüf edir. Məhz bu dövrdə xalq ölkənin məhv olmaması üçün çıxış yolu axtarırdı. Əlbəttə, yalnız Ulu Öndər Heydər Əliyevin dahiliyi və müdrüklüyü xalqımızı düşüdyü çətin vəziyyətdən çıxara bilərdi. Ümummilli Liderin bir siyasətçi kimi təcrübəsi və hadisələrə uzaqgörən yanaşma tərzi, daim milli maraqlarımızdan çıxış etməsi qısa müddət ərzində müdrik siyasətçinin ətrafına on minlərlə insanı topladı və Yeni Azərbaycan Partiyası adlı yeni siyasi partiya yarandı. AXC və Müsavat cütlüyünün səriştəsiz idarəçiliyi nəticəsində Azərbaycanın iqtisadi-siyasi problemlər girdabına düşməsi daxili və xarici düşmənlərimizin fəallaşmasına gətirib çıxarmışdı ki, bu da xalqımızın haqlı olaraq etirazına səbəb olmuşdu. Məhz Heydər Əliyevin rəhbərliyi altında YAP-ın yaranması Azərbaycanı, xalqımızı düşdüyü çətin vəziyyətdən xilas etdi".

Çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təhmuraz Tağıyev vurğulayıb ki, YAP-ın yaranma zərurəti xalqın tələbi əsasında baş verib: "Əlbəttə ki, ötən 22 il bir daha təsdiq edib ki, xalq-iqtidar vəhdətinin təcəssümündə Yeni Azərbaycan Partiyasının mövcudluğu dayanıb. Bu mövcudluq həm də onun göstəricisidir ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu YAP bu gün Azərbaycanın inkişafında öz töhfələrini verməkdədir. Bu gün bu ideyanın layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev ölkənin inkişafında, xalqın rifahında uğurlu fəaliyyətini davam etdirməkdədir. Çünki xalq öz Prezidentinə inanır və güvənir".

Daha sonra çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini Şahmar İbadov qeyd edib ki, YAP-ın yaranmasında əsas zərurətlərdən biri də Azərbaycanın dünyanın siyasi xəritəsindən silinməsi təhlükəsinin yaşaması amili olub: "Təbii ki, belə bir ağır zamanda Yeni Azərbaycan Partiyasının yaranması ölkəmizi xaos və anarxiyadan xilas etdi. Bu bilavasitə Ulu Öndər Heydər Əliyevin ölkənin xilası üçün atdığı şanlı tarixi addımdır".

YAP Nərimanov rayon təşkilatının Gənclər Təşkilatının sədri Yusif Babanlı öz növbəsində qeyd edib ki, Azərbaycan gəncliyi partiyanın yaranmasında müstəsna xidmətlər göstərib: "Baş verən hadisələr zamanı ölkənin uçuruma yuvarlanmasında gəncliyimiz biganə qala bilməzdi. Əlbəttə ki, hər yerdə olduğu kimi Naxçıvanda da ən gərgin vəziyyət hökm sürürdü. Bu kimi vəziyyətdə Azərbaycanın dahi lideri, Ulu Öndəri Heydər Əliyevin ətrafında sıx birləşən zümrələrdən biri də Azərbaycan gənci idi. Məhz Azərbaycan gəncliyi həmin dövrlərdə qəti mövqeyini ortaya qoyaraq ölkənin xilasında öz sözünü dedi. Bu gün sağlam düşüncəli Azərbaycan gəncliyi Heydər Əliyev ideyaları ətrafında birləşərək, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə prezidenti İlham Əliyevin uğurlu siyasətini dəstəkləməkdə davam edir".

YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə öz çıxışında qeyd edib ki, məhz həmin dövrlərdə ölkə ziyalıları və siyasi xadimləri Ulu Öndər Heydər Əliyevin Azərbaycanın xilaskarı olduğunu dərk edərək "Səs" və "İki Sahil" qəzetləri vasitəsilə Ona müraciət ünvanladılar: "Təbii ki, 91 nəfər ziyalının tarixi müraciəti öz sözünü dedi. Bu müraciət Azərbaycanın bugünki inkişafının və tərəqqisinin, rifah halının mövcudluğunda özünü tərənnüm etdirməkdədir. Mən daha bir əhəmiyyətli amilə toxunmaq istərdim. Belə ki, o dövrlərdə AXC-Müsavat hakmiyyətinin qeyri-demokratik və naşı siyasəti, o cümlədən avtoritar rejim idarəçiliyi insanların öz sözlərini deməsinə imkan vermirdi. Bu baxımdan xüsusilə qeyd etmək istərdim ki, həmin dövrlərdə gənc olaraq Siyavuş Novruzovun, Abidin Fərzəliyevin, Ağabəy Əsgərovun və başqalarının bu istiqamətdə göstərdikləri şücaətlər danılmazdır".

Eyni zamanda Vüqar Rəhimzadə vurğulayıb ki, YAP ötən 22 il müddətində Azərbaycanın inkişafı və tərəqqisində öz qətiyyətli sözünü deyib: "Ötən müddət ərzində Azərbaycanın sosial-iqtisadi, həmçinin digər sahələrdə əldə etdiyi nailiyyətləri qeyd olunan fikirlərin bariz göstəricisidir".

Tədbirin sonunda YAP GB tərəfindən partiyanın Nərimanov rayon təşkilatının fəal gənclərinə fəxri diplomlar təqdim olunub.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə