YAP rəsmisi: “Dövlətimiz insan hüquqlarının qorunmasına ali prinsip kimi yanaşır” MÜNASİBƏT
"Hər bir dövlət üçün Konstitusiya ən mühüm hüquqi sənəddir. 12 noyabr 1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyası Ümummilli Liderimiz Heydər Əliyevin şah əsəridir". Bunu SİA-ya açıqlamasında YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
Millət vəkilinin sözlərinə görə, müstəqil Azərbaycanın ilk milli Konstitusiyası Heydər Əliyevin təşəbbüsü və onun rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanaraq ümumxalq səsverməsinə çıxarıldı: "Xalqımız Ulu öndər Heydər Əliyevin müəllifi olduğu Konstitusiyanı dəstəklədi. Konstitusiya dövlətin əsas qanunu olması etibarilə mövcud dövlətin və dövlətçilik ənənələrinin formalaşmasında ən ümumi ictimai münasibətlər kompleksini, dövlət hakimiyyət orqanlarının sistemini, yerli özünüidarəetmə strukturlarını və hüquqi mexanizmləri tənzimləyən normativ hüquqi akt və ya prinsiplərin modifikasiyasıdır. Konstitusiyanın qəbulu dövlətçiliyimizin mohkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da artması baxımından çox mühüm ictimai-siyasi hadisə kimi qiymətləndirilməlidir".
S. Novruzov qeyd edib ki, Konstitusiyanın qəbulu ilə hüquqi dövlət quruculuğu prosesi başladı və Konstitusiyanın prinsipləri əsasında müstəqil dövlətimizin qanunları qəbul edildi: "Bununla da, ölkəmizin inkişafının prinsipcə yeni mərhələsi başlandı. Əsas qanun hakimiyyət bölgüsünü müəyyən etdi, eləcə də demokratik seçki sistemi formalaşdırıldı. Xüsusilə bu sənəd siyasi sistemin mərkəzində insanın və vətəndaşın, onun hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının durması ilə səciyyələnir. Azərbaycan Konstitusiyasının inkişaf etmiş dövlətlərin konstitusiyaları ilə müqayisədə kifayət qədər mütərəqqi hesab edilə biləcək müddəaları mövcuddur. Konstitusiyamızın insan hüquqlarının səmərəli müdafiəsinə yönəlmiş ümumi müddəaları ilə yanaşı, onun ən böyük hissəsi olan "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" fəslində müasir demokratik cəmiyyətdə təmin edilməsi zəruri olan bütün insan hüquqları və əsas azadlıqlar, onların reallaşdırılmasının ümumi mexanizmləri, həmçinin ayrı-ayrı hüquqların beynəlxalq standartlara müvafiq olaraq qanuni məhdudlaşdırılmasının yol verilən həddi təsbit edilib. Təsadüfi deyil ki, əsas qanunun üçdə ikisi insan hüquq və azadlıqlarına həsr olunub. Bu onu göstərir ki, dövlətimiz insan hüquqlarının qorunmasına ali prinsip kimi yanaşır. Ümumiyyətlə, 12 noyabr Konstitusiya günü Azərbaycanın ən mühüm dövlət bayramlarından biridir. Mən bu bayram münasibətilə bütün xalqımızı təbrik edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB