Xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuş əsgər Kərimov Seyfəddin Nəvai oğlu ölümündən sonra müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif olunub. AzərTAc xəbər verir ki, noyabrın 8-də medal Seyfəddinin valideynlərinə təqdim olunub. Bu məqsədlə Gəncəyə gələn Müdafiə Nazirliyinin mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsi rəisinin müavini polkovnik Abdulla Qurbani, vaxtilə Seyfəddinin xidmət etdiyi hərbi hissənin komandirləri və digər hərbçilər Gəncədə şəhidin valideynləri ilə görüşüblər.
Abdulla Qurbani bu görüşün əlamətdar bir günə, 9 noyabr - Dövlət Bayrağı Gününə təsadüf etdiyini qeyd edərək, şəhidlərimizi bu bayrağın zərrələri adlandırıb. Azərbaycanda ordu quruculuğundan danışan nazirlik təmsilçisi vurğulayıb ki, vətən o vaxt vətən olur ki, onu qoruyan övladları var. Seyfəddin də belə övladlardan idi. Onun adı Azərbaycanın qəhrəmanlıq tarixində əbədi yaşayacaqdır. Oğlunun belə bir şərəfə nail olmasından qürur duyan Nəvai Kərimov çıxışına bu sözlərlə başladı: "Mən fəxr edirəm ki, oğlum Seyfəddin torpaqlarımızın bütövlüyü uğrunda şəhid oldu. Bu, onun valideynlərinə də, dostlarına da baş ucalığı gətirdi. Seyfəddin Azərbaycanın şəhid oğullarından biridir. Nə qədər ki, torpaqlarımız işğal altındadır, şəhidlərimizin ruhu sakit olmayacaq. Biz hər zaman döyüşə hazır olmalıyıq". Görüşdən sonra tədbir iştirakçıları Seyfəddin Kərimovun uyuduğu Şəhidlər xiyabanına gələrək onun məzarını ziyarət etdilər, ruhuna dualar oxudular.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB