Politoloq: “Rusiya Dağlıq Qarabağı Azərbaycandan qoparmağa cəhd edir” MÜNASİBƏT
"Separatçı Dağlıq Qarabağ regionu yığmasının Şən Hazırcavablar Klubu (KVN) komandalarının "KiViN-2015" beynəlxalq festivalında ayrıca komanda kimi mümkün iştirakına şərait yaratmaq bu separatçı qurumu müstəqil dövlət kimi tanımağa yaxın olan bir davranışdır". Bunu SİA-ya politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, Rusiya mərhələ-mərhələ Dağlıq Qarabağı Azərbaycandan qoparmağa cəhd edir: "Bu Rusiyanın formalaşmaqda olan siyasətidir. Hesab edirəm ki, bu siyasət çox təhlükəlidir. Bu siyasət yalnız Azərbaycanda yox, Moldova, Gürcüstan, Ukraynada və digər respublikalarda da özünü büruzə verir. Hesab edirəm ki, Azərbaycan bu məsələyə ciddi etiraz etməlidir. Bu tədbir baş tutacağı təqdirdə etiraz əlaməti olaraq ora öz komandasını göndərməkdən imtina etməlidir".
Qeyd edək ki, Ermənistan KİV separatçı rejimin komandasının gələn ilin yanvarında Soçidə keçiriləcək ŞHK komandalarının "KiViN-2015" beynəlxalq festivalında ayrıca komanda kimi iştirak etmək üçün dəvət edildiyi barədə məlumat yayıb. Beynəlxalq KVN İttifaqının rəsmi saytında qeyd olunur ki, yığma artıq festivalda iştirak etmək üçün qeydiyyatdan keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB