Şeyxülislam Aşura günü əlaqədar qanvermə aksiyasında iştirak edib FOTOLAR
Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Hacı Şeyxülislam Allahşükür Paşazadə Aşura günü əlaqədar qanvermə aksiyasında iştirak edib. SİA-nın məlumatına görə, qanvermə aksiyası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birgə təşkil olunub. DQİDK sədri Mübariz Qurbanlı və Şeyx birgə qan veriblər. Qanvermədə həmçinin YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov və millət vəkili Cavanşir Paşazadə də iştirak ediblər.
Şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, Məhərrəm ayının onuncu günü Aşura gününə təsadüf edir: "Bu gün İmam Hüseyinin (ə.s) haqq, ədalət yolunda Kərbalada şəhid olduğu gündür. İmam Hüseyinlə bərabər biz həmçinin torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanları da yad etməkdəyik. İmam Hüseyin məktəbi elə bir məktəbdir ki, onu biz xalqa çatdırmaqla şücaət məktəbini əməli formada təqdim etmiş olarıq. Harada şəhidlik məqamı varsa, orada şücaətlik, vətən sevgisi var. QMİ-nin xüsusi fətvasında tövsiyyə olunur ki, bugünki Azərbaycan gerçəkliklərini, islami münasibətləri, din-dövlət münasibətlərini xalqa çatdırmaqla bərabər şəhidlərimizi yada salmalıyıq. Keçmişdən bu günə qədər hər kəs bir cür İmam Hüseyin üçün fədakarlıq edir. Tövsiyyə olunmur ki, insanlar bədənlərinə zəncir vurmaqla qan çıxarsınlar. Bəzi insanlar bunu təsəlli xatirinə edirlər. Qazilər Şurası, dindarlar belə bir qənaətə gəldilər ki, qanvermə aksiyası keçirsinlər. Ölkəmizdə müxtəlif qan azlığından əziyyət çəkən xəstələr var ki, onlara bu yolla kömək etmiş oluruq. İmam Hüseyin yolunda qanımızı xəstə, qana ehtiyacı olan şəxslərə versək, daha yaxşı olar".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə bildirib ki, Məhərrəm ayında QMİ fətvası ilə neçə illərdir qanvermə kampaniyasının keçirilməsi təqdirəlayiq haldır: "Müsəlman dünyasında ilk dəfə olaraq bu addım Azərbaycanda atılıb. Bu gün bütün məscidlərimizdə qanvermə aksiyası keçirilir. Biz bununla cəmiyyətə bir mesaj vermiş oluruq. Belə ki, verdiyimiz qan xalqımıza yardım xarakteri daşıyır. Qana ehtiyacı olan xəstələrə qanımızı verməklə onlara bir növ dəstək vermiş oluruq. Bununla da, Aşurada müxtəlif vasitələrlə bədənlərindən qan çıxarmağın əleyhinə olduğumuzu bir daha göstərmiş oluruq. Biz bu işlərdə Qafqaz Müsəlmanları İdarəsi ilə həmrəyik, həmrəyliyimizi də bu formada göstəririk".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB