Yusif Babanlı: “Gənc nəsil iradları qəbul etməli və nəticə çıxarmalıdır” MÜNASİBƏT

Yusif Babanlı: “Gənc nəsil iradları qəbul etməli və nəticə çıxarmalıdır” MÜNASİBƏT

"Gənc nəslin düzgün yetişdirilməsi hər bir ölkənin başlıca məsələsidir. Bir millətin mövcud olması, yaşaması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir". Bu fikirləri SİA-ya Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, YAP Nərimanov rayon təşkilatı gənclər birliyinin sədri Yusif Babanlı Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyevin Prezident yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) 15 illik yubileyi münasibətilə Akademiyanın Elmi Şurasının iclasında kadr böhranı problemi ilə bağlı söylədikləri fikirlərə münasibətini açıqlayarkən deyib.

Onun sözlərinə görə, PA rəhbəri, cənab Ramiz Mehdiyevin fikirlərində bir sıra mühüm məqamlar yer alıb: "Belə ki, gənclər cəmiyyətin ən dinamik zümrəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda fəal iştirak etməli, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanmalıdır. Gənc nəsil söylənilən bütün iradları qəbul etməli və nəticə çıxarmalıdır. Təhsil sahəsində problemlərin olduğu danılmazdır. Orta məktəb imtahanlarının nəticələri, o cümlədən ali məktəblərə qəbul imtahanlarının nəticələri bu sahədə islahatlara ehtiyac olduğundan xəbər verir. Bu baxımdan, PA rəhbəri Ramiz Mehdiyevin kadr böhranı barədə fikir bildirməsi həm də təhsildə olan problemlərə dəlalət edir".

"Müasir cəmiyyətimizdə yüksək ixtisalı kadrlara dövlətin bütün strukturlarında ehtiyac var"-deyə vurğulayan Yusif Babanlı onu da vurğulayıb ki, bunun üçün də Azərbaycan gənci öz həyatını qurarkən ilk öncə müstəqil Azərbaycanın bugünü və gələcəyi haqqında düşünməli, elmə yiyələnməyi qarşısına məqsəd qoymalıdır: "Buna Azərbaycanın bügünki potensialı, inkişafı, dünya arenasında söz sahibinə çevrilməsi tam imkan verir".

Yusif Babanlı onu da vurğulayıb ki, gənclərimizin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında qarşılarında heç bir maneyə yoxdur: "Ölkəmizdə gənclərlə bağlı bütün məsələlər daim dövlətin diqqətindədir. Ona görə də hər bir gənc dövlətin diqqət və qayğısını dəyərləndirməli, bütün proseslərdə aktiv iştirak etməlidir. Bu gün cəmiyyətin bütün sferalarında, istər siyasi arenada, istər idman sahəsində, mədəniyyət sahəsində, o cümlədən, digər sahələrdə gənclərin aktiv iştirakına hər zaman ehtiyac var. Bu baxımdan gənclər Ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək, uğurlu gələcəyə imza atmağı qarşısına məqsəd qoymalıdır".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə