Çingiz Qənizadə: “Bəzi QHT-lərə xaricdən maliyyə dəstəyi verənlərin fəaliyyəti dayandırılacaq”
"Dəfələrlə ictimai müzakirələrdə, diskusiyalarda söyləyirəm ki, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliklər şəfaflığın təmin edilməsi və ölkənin milli maraqlarının qorunması ilə bağlıdır. Bundan narahat olmasınlar". Bu fikirləri SİA-ya millət vəkili Çingiz Qənizadə QHT-lər barədə Qanuna edilən dəyişiklilərə bir sıra qeyri-hökumət təşkilatlarının etiraz etməsinə münasibətini açıqlayarkən deyib.
"QHT-nin fəaliyyəti hər zaman mətbuat üçün açıq olmalıdır" -deyə qeyd edən millət vəkili eyni zamanda bildirib ki, uzun illər fəaliyyəti dövründə heç vaxt qeyri-şəffaflığa yol verməyib: "15 ildir ki, QHT rəhbəri olaraq fəaliyyətimi mətbuatdan gizlətmirəm və daim onlarla sıx əməkdaşlıq edirəm. Təəssüf ki, bəzi həmkarlarımız bundan çəkinirlər. Hansı beynəlxalq təşkilatlar Azərbaycanda şəffaf və normal fəaliyyət göstərmək istəyirsə, o zaman fəaliyyət göstərəcək. Amma əvvəlki illərdə olduğu kimi, ölkəmizdə qarışıqlıq yaratmaq məqsədi ilə bəzi QHT-lərə maliyyə dəstəyi verənlərin fəaliyyəti dayandırılacaq".
Çingiz Qənizadə xarici donor təşkilatlarının ölkə daxilində fəaliyyətlərinin birdəfəlik dondurulmadığını da bildirib: "Biz xarici donorların ölkədə fəaliyyətinə tamamilə məhdudiyyət qoymamışıq. Sadəcə keçiriləcək layihələrin müvafiq İcra Hakimiyyətlərinə təqdimini və müvafiq İcra Hakimiyyətindən Azərbaycanda layihənin reallaşmasına ehtiyacın olub olmamağı ilə bağlı rəyin alınmasını istəyirik. Amma biz razı ola bilmərik ki, hansısa qurum hər hansı bir layihənin formal olaraq adını göstərməklə, müəyyən tapşırıqlarla QHT-lərlə əlaqə yaratsın, onlara maliyyə dəstəyi versin və bu maliyyə də ölkədə müəyyən xarici təşkilatların marağına xidmət edən fəaliyyətə yönəlsin. Bu baxımdan da yaxın zamanda sağlam QHT-lər beynəlxalq təşkilatlarla əməkdaşlıq qurmağa çalışacaqlar".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB