"Azərbaycanda dini tolerantlıq mövcuddur"

Mübariz Qurbanlı: ““Milli Şura”nın keçirdiyi mitinqdə “İŞİD”in bayrağının qaldırılması təsadüfü deyil”
"Azərbaycanda dini tolerantlıq mövcuddur"

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının SİA-ya müsahibəsi

- Mübariz müəllim, Azərbaycanda dini ənənələr, islami qaydalar ümumxalq maraqlara uyğun təmin olunurmu?

- İstənilən cəmiyyətdə din- dövlət münasibətləri hər zaman diqqət mərkəzindədir. Azərbaycan əhalisinin 96 faizi islam dininə əməl edir. Ölkəmizdə ənənəvi olaraq islami adət-ənənələr formalaşıb, xalqımızın mentalına tam şəkildə hopmuş qaydalar mövcuddur. Dövlət- din münasibətləri qanunvericiliklə tənzimlənir. "Dini etiqat azadlığı haqqında qanuna" görə cəmiyyətimizdə fərdlərlə dövlət, dini icmalarla dövlət arasında münasibətləri tam şəkildə nizamlanır. Azərbaycanda dini komitənin yaradılmasında başlıca məqsəd dövlət- din münasibətlərini, o cümlədən də dini icmaların fəaliyyəti ilə əlaqədar məsələlərin nizamlanmasıdır. Bütövlükdə din dövlətdən ayrıdır, dövlət dinin işlərinə qarışmır. Lakin dindar dövlətdən ayrı deyil, hər bir dini ayinləri icra edən şəxs dövlətlə təmasda olmaq zorundadır. Bu kimi məsələləri nizamlamaq üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin bütün sahələrində olduğu kimi din sahəsində də xeyli dəyişikliklər baş verib, dövlət- din məsələləri normal məcrada inkişaf edir. Əgər sovet kommunist totolitar rejimində dinə qarşı basqılar müşahidə edirdiksə, müstəqillik əldə etdikdən sonra bu basqılar demək olar ki, aradan qalxıb. Xüsusilə də, Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyəti dövründə Azərbaycanda dövlət-din münasibətlərini tənzimləyən qanunlar qəbul edilib, konstitusiyamızda bu məsələlər öz əksini tapıb. Bu gün də istənilən dini konfensiyanın azad şəkildə fəaliyyətinə tam şərait vardır, hətta deyərdim ki, ölkəmiz dini konfensiyalararası münasibətlərin normal olması və tolerantlıq baxımından dünyanın ən qabaqcıl ölkələri sırasındadır. Əslində tolerantlıq xalqımızın xarakterində, yaddaşında olan bir məsələdir. Tolerantlığın təminatı üçün hökümət tərəfindən müəyyən addımlar atılıb. Bu gün Bakıda və ətraf rayonlarda dini münasibətlərlə əlaqədar təhlil aparsaq şahidi olarıq ki, istər müsəlman, istər xristian, istərsə də yahudi icmasının bütün nümayəndələri paralel şəkildə yaşayırlar. Xaricdən gələn qonaqlar belə hər zaman qeyd edirlər ki, Azərbaycan müxtəlif dinə mənsub insanların birgə yaşayışı baxımından ən əlverişli ölkələrdən biridir. Son illərdə xüsusilə məscidlərin, kilsələrin, sinaqoqların tikintisinə dövlət tərəfindən dəstək verilir. Onlar arasında heç bir fərq qoymadan hər il dini icmalara yardımlar ayrılır ki, bu da onların hər hansı bir proqramlarını həyata keçirməyə yardım edir. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycanda dini tolerantlıq yüksək səviyədədir. Ölkəmizə digər ölkələrdən müəyyən xırda cərəyanları tədbiq etmək iddiasında olanlar olsa da, onların cəhdləri baş tutmayacaq. Çünki bu cür cərəyanların Azərbaycanda kök atmasına, inkişaf etməsinə şərait yoxdur. Bunu xalqımız istəmir, dəstəkləmir, inkar edir.

- Yas mərasimlərində israfçılığın qarşısını almaq üçün ciddi ictimai müzakirələr aparıldı. Bunun nəticələri varmı?

- Yas mərasimlərində israfçılığın qarşısının alınması üçün müvafiq qurumlar və eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətva ilə müəyyən təkliflər və tövsiyələr irəli sürülüb. Bu təkliflər müəyyən yerlərdə həyata keçirilməkdədir və bu gün onun müsbət tərəflərini görməkdəyik. Bu elə bir prosesdir ki, burada hansısa zorakılığa və ya süni yolla prosesin sürətləndirilməsinə cəhd etmək əks effekt verə bilər.Tarixən formalaşan ənənələrin, adətlərin qanunlardan ciddi fərqi var. Qanunları insanlar istədiyi vaxt dəyişə bilsə də, adətləri dəyişmək zaman tələb edir.Zaman dəyişdikcə adət-ənənələrin özündə bir dəyişiklik özünü göstərir. Keçmişdən xalqımıza xas olan bəzi adətlərin qalıqları hələ də yas mərasimlərində görülməkdədir. Hesab edirəm ki, bununla bağlı cəmiyyət mesajımızı qəbul edib. Bizə daxil olan müraciətlərdən, məktublardan, vətəndaşlarla keçirdiyimiz görüşlər onu göstərir ki, yas mərasimlərindəki ifrat israfçılıq cəmiyyət tərəfindən tədricən inkar olunmaqdadır. Heç kim müəyyən şəkildə yas mərasimlərində adət-ənənələrin birdəfəlik aradan qaldırılmasına çağırış etmir, edə də bilməz. Bu məsələlər yalnız marifləndirmə yolu ilə aparıla bilər. Cəmiyyəti siyasi, dini baxımdan marifləndirmək çox vacibdir. Burada mediyanın üzərinə çox böyük yük düşür. Xüsusilə elektron kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə diskusiyalarla bu mövzunun ətrafında vahid bir fikrə gəlməyə yardım göstərir.

- "Milli Şura"nın oktyabrın 12-də keçirdiyi mitinqində "İŞID"in bayrağının qaldırılması nəzərlərdən yayınmadı. Bu cür halların qarşısını almaq üçün hər hansı bir tədbir görülürmü?

- "Milli Şura"nın keçirdiyi mitinqdə "İŞİD"in bayrağının qaldırılması təsadüfü deyil. Bu mitinqdə qeyri-qanuni fəaliyyət göstərən "İslam" partiyasının nümayəndəsi də onlarla bir kürsüdə dayanmışdı. Qeyri-qanuni fəaliyyət altında bu cür qurumlarla iş birliyi, xüsusilə radikal qanada məxsus, bütövlükdə sosial dayağını itirmiş "Milli Şura"nın gündəmdə qalması üçün islam amilindən istifadə etdiyini görmüş olduq. Mitinq adlandırdıqları toplantıda nümayişçidən çox jurnalist var idi. Onlar olmasaydılar cuzi adam qalacaqdı. Əslində bütün bunlar iflasın göstəricisidir. Onların prinsipi kim olursa olsun, şeytan belə olsa, əməkdaşlıq edib hakimiyyətə qarşı getməkdir. Hətta ideoloji baxımından onlarla uyğun olmayan qruplarla da bir araya gəlməyə hazır olduqlarını nümayiş etdiriblər. "İŞID" deyilən bir qrupun bayraq adlandırdığı vəsaitin orada qaldırılması radikalların bu tipli qruplarla əməkdaşlıq etdiklərini göstərir. Onu mən bayraq adlandırmazdım, o bir növ dəniz quldurlarının bayraqlarına bənzəyir.

- Ümumiyyətlə, müxalifətin bəzi dini cərəyanlarla eyni maraqları bölüşməsi nədən qaynaqlanır?

- Onlar bu tipli qruplaşmaları (hərçənd ki, Azərbaycanda onların dayaqları yoxdur) ətrafına toplamaqla sosial baza yaratmaq istəyirlər. Bu yalnış bir yoldur. Onlar bu addımları ilə sadəcə gündəmə qayıtmaq, mövcud olduğunu göstərmək niyyətindədirlər. Bu isə cəmiyyət tərəfindən rişxəndlə qarşılanır.

- Yeni Azərbaycan Partiyası (YAP) hər zaman konstruktiv mövqedən çıxış edib, xalqın və dövlətin maraqlarına uyğun siyasət aparır. Bəs müxalifətin bu prinsiplərdən uzaq qalması nə ilə əlaqədardır?

- Azərbaycanda müxalifət mövcuddur və müxalifətin olması qanunlarla tənzim edilir. Ancaq bəzi müxalif partiyalar öz fəaliyyətlərini, prinsiplərini bilmirlər. Düşünürlər ki, "biz varıqsa dünya var, yoxuqsa dünya yoxdur" prinsipindən cıxış edirlər. Ölkəmizdə təbii fəlakət baş versə belə hakimiyyəti günahlandırırlar. Milli maraqlardan çıxış etmək əvəzinə öz maraqlarına xidmət edirlər. Öndə olmaq, hakimiyyətdə olmaq üçün fərdi maraqlardan deyil, dövlətin maraqlarından çıxış etmək lazımdır. Hazırki hakimiyyət xalqa söykənir, xalqın maraqlarından çıxış edir. Radikal müxalifətin uğursuzluqlarının başlıca səbəbi deyərdim ki, hakmiyyətin daha güclü, doğru, düzgün siyasət yeritməsidir.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə