Niyaməddin Orduxanlı: “12 oktyabr mitinqi çox zəif keçəcək” AÇIQLAMA

Niyaməddin Orduxanlı: “12 oktyabr mitinqi çox zəif keçəcək” AÇIQLAMA

"ABŞ prezidenti Barak Obamanın Azərbaycanla bağlı məlum çıxışından sonra Əli Kərimli ABŞ-a yarınmaq üçün mitinq arzusunu ortaya qoyub. Mitinq keçirmək təəşəbbüsü də bununla bağlıdır. Bu adam yenidən özünü "qərb yönümlü" siyasətçi kimi ABŞ-a təqdim edir". Bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı Milli Şuranın 12 oktyabr tarixində keçirəcəyi mitinqlə bağlı SİA-ya verdiyi açıqlamasında bildirib.

Onun sözlərinə görə, artıq Milli Şurada Cəmil Həsənlidən başqa heç kəs qalmayıb. Əli Kərimli isə hər keçən gün ətrafındakıları itirir: "Özü də yaxşı bilir ki, Rusiyanın yaratdığı "Milli Şura"da Cəmil Həsənlidən başqa heç kim qalmayıb. Kimdir Əli Kərimlinin mitinqinə qatılan? Kim qalıb ki bunun yanında? Məlum videosu ilə tanınan Natiq Ədilov və bir neçə adamdan başqa Əli Kərimlinin yanında kimsə qalmayıb".

Əli Kərimlinin həbsə düşən dostlarını bir dəfə də olsun ziyarət etmədiyini vurğulayan BAXCP sədr müavini onun əsl simasının ortada olduğunu deyib: "Əli Kərimlidən soruşmaq lazımdır ki, həbsdə olan bu adamların hansının yanına bir dəfə də olsun getmisən? Bu adamların hansının ailəsinə mənəvi və ya maddi dəstək olmusan? Hər kəs bu illər ərzinə gördü ki, hətta Əli Kərimlinin ən yaxın adamları 7 il həbsdə yatdı və bu adam bir dəfə də olsun onun ziyarətinə getmədi. Hətta həbsxanadan çıxandan sonra evinə belə getmədi. Əli Kərimlinin əsl siması budur".

Milli Şuranın 12 oktyabr mitinqinə münasibət bildirən Niyaməddin Orduxanlı bu mitinqin ciddi olmayacağını ifadə edib: "12 oktyabr mitinqi çox zəif keçəcək. Düşünmürəm ki, Əli Kərimlinin keçirdiyi mitinqə ciddi dəstək verilsin".

Bütün xəbərlər Facebook səhifəmizdə