Siyavuş Novruzov: “Azərbaycan bu ili də çox uğurla başa vuracaq” AÇIQLAMA

Siyavuş Novruzov: “Azərbaycan bu ili də çox uğurla başa vuracaq” AÇIQLAMA

"Hər il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilir, burada çox mühüm məsələlər müzakirə olunur və çox yüksək göstəricilər mövcuddur". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

YAP rəsmisinin sözlərinə görə, 9 ay ərzində ölkəmizin iqtisadiyyatında böyük inkişaf olub, eləcə də sosial problemlərinin həlli istiqamətində ciddi addımlar atılıb: "Bununla belə, abadlıq – quruculuq işlərində, yeni iş yerlərinin açılmasında, əhalinin sosial problemlərinin həllində, daxili və xarici siyasətdə və s. çox önəmli işlər baş verib. Təbii ki, bunu bu gün cənab Prezident Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı da qeyd etdi. Azərbaycanda mövcud ictimai-siyasi sabitliyin bəzi beynəlxalq təşkilatlar, eyni zamanda ayrı-ayrı dövlətlər, qurumlar tərəfindən qısqanclıqla yanaşılması onu göstərir ki, ölkəmizdə iqtisadi inkişaf, tərəqqi, neft və qaz strategiyasının çox uğurla davam etdirilməsi dostlarımızı sevindirsə də, bizə dost olmayanları da məyus edir. Azərbaycanın büdcə gəlirlərinin, o cümlədən ordumuzun hərbi gücünün artması təbii ki, bəzi ölkələri, qurumları narahat edir. Məhz bunun nəticəsi olaraq da Azərbaycana qarşı müxtəlif sanksiyalarla bağlı erməni lobbisinə xidmət edən qüvvələr məsələ qaldırır və ayrı-ayrı qurumlara müraciətlər göndərilir.

Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu və ya digər şəkildə Ermənistana dəstək olmaq nöqteyi-nəzərindən bəzi qurumlar bu məsələnin işğalçı ölkənin xeyrinə həlli ilə bağlı müxtəlif fikirlər səsləndirir. Bu mənada hesab edirəm ki, cənab Prezidentin bu gün qaldırdığı məsələ (Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması, Ermənistanın atəşkəsi mütəmadi pozması, ATƏT-in Minsk qrupunun bu məsələyə laqeyd münasibəti və s.) aktuallığı ilə seçilir. Bu, nəticə etibarı ilə münaqişənin hərbi yolla həllini qaçılmaz edir. Bu baxımdan da hesab edirəm ki, Azərbaycanın kifayət qədər güclü ordusu var. Ölkəmizin təchizatı, ordusunun güclü olması, o cümlədən Prezident İlham Əliyevin son dövrdə ordu quruculuğu, sərhədyanı bölgələrlə bağlı imzaladığı Sərəncam Azərbaycan ordusunun qüdrəti olmasına, sərhədlərinin qorunmasına xidmət edir. Hesab edirəm ki, Azərbaycan bu ili də çox uğurla başa vuracaq".

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. İclasda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasından təəssüfləndiyini deyən dövlətimizin başçısı qeyd edib ki, mövcud status-kvonun yolverilməzliyi ilə bağlı səslənən fikirlərə Ermənistan məhəl qoymur, bu fikri səsləndirən qüvvələr isə təsirli addımlar atmır. Buna baxmayaraq, Azərbaycan bütün sahələrdə uğurla inkişaf edir, ordu quruculuğu yüksək səviyyədə həyata keçirilir. Təsadüfi deyil ki, üçüncü rübdə təmas xəttində baş verən hadisələr zamanı Azərbaycan Ordusu düşmənə layiqli cavabını verdi.

Bütün xəbərlər Facebook səhifəmizdə