Milli Məclisin bu gün keçirilən plenar iclasında "Siyasi partiyalar haqqında qanun"a dəyişiklik edilib. SİA-nın xəbərinə görə, dəyişikliklərə əsasən bundan sonra bir şəxs bir və ya bir neçə partiyaya yardım edə biləcək. Lakin bu yardım ildə bir dəfədən artıq olmayacaq və 10 min manatla məhdudlaşacaq.
Dəyişiklik barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, siyasi partiyaların şəffaflığı məsələsi gündəmdədir: "Qanunun 19.7 maddəsinə nəzərdə tutulan dəyişikliyə əsasən şəxsin bir və ya bir neçə partiyaya il ərzində verdiyi ianənin yuxarı həddi on min manatdan artıq ola bilməz. Qanunun 21.2 maddəsinə edilən dəyişikliyə əsasən isə siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları auditor rəyi ilə birlikdə hər ilin aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim edilməlidir. 21.6 maddəsinə edilən dəyişikliyə əsasən siyasi partiyaların illik maliyyə hesabatları MSK-nın rəsmi internet səhifəsində yerləşdirilir."
Millət vəkili Qüdrət Həsənquliyev qanunda bu məsələnin daha dəqiq göstərilməsinin tərəfdarıdır: "Məsələn, vətəndaş bu qədər ianə vermir, amma bəlkə öz ofisini pulsuz təqdim edir. Burada ianədən söhbət getmir. Amma faktiki maliyyə yardımıdır. Axı sahibkara demək olmaz ki, niyə öz ofisini kiməsə verirsən? Bu məsələləri də tənzimləmək lazımdır".
Ümid Partiyasının sədir İqbal Ağazadə isə hesab edir ki, MSK-ya maliyyə hesabatlarının təqdim olunması tələbinin qoyulması qeyri-peşəkar yanaşmadır, çünki Maliyyə və Vergilər Nazirliyindən fərqli olaraq MSK dövlət qurumu deyil, belə məsələlərə qarışmasına səlahiyyəti yoxdur.
Millət vəkili İlyas İsmayılov da bu tələbin hüquqi əsasının olmadığını bildirib.
YAP icra katibinin müavini Siyavuş Novruzov isə deyib ki, digər partiyalardan fərqli olaraq YAP özünün maliyyə vəziyyəti haqqında illik hesabatlarını açıqlayır: "Əsas məqsəd ondan ibarətdir ki, partiyanın maliyyə dövriyyəsində şəffaflıq olsun. İanələrin məbləğinə limit qoyulması tamamilə düzgün tələbdir. Ümumiyyətlə, ianələr bank vasitəsilə köçürülməli və ianəni köçürdən şəxs 18 yaşına çatmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB