"Xəzər dənizində hərbi fəaliyyət daim aktual məsələ kimi müzakirə olunub və sabit silah balansının təmin olunması vacib məqamdır". SİA-nın məlumatına görə, bu barədə Həştərxanda keçirilmiş Xəzəryanı ölkələrin dövlət başçılarının IV sammitinin yekunlarına həsr edilmiş mətbuat konfransında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Onun sözlərinə görə, həm Azərbaycan, həm də digər Xəzəryanı dövlətlər Xəzərin silahlanmasının tərəfdarı deyillər: "Bu, başlıca fundamental yanaşmadır və qeyd edilən çərçivədə hərbi quruculuq tədbirləri həyata keçiriləndə tərəflərin təhlükəsizlik maraqları nəzərə alınacaq".
X. Xələfov vurğulayıb ki, silahlar yerləşdirilərkən tərəflər bir-birlərinin təhlükəsizliyinə xələl gətirməməli, razılaşdırılmış etimad tədbirləri əsas götürülməlidir. Nəhayət, tərəflər Xəzərdə silahlanma məsələsinə təhlükəsizlik konteksində baxmalıdırlar.
XİN rəsmisi bildirib ki, Xəzərdə qarşlıqlı etimad və təhlükəsizlik məsələləri xüsusi əhəmiyyət kəsb edir: "Bu məsələlər bəyanatda öz əksini tapıb, konvensiya layihəsində isə hüquqi baxımdan təsbit olunacaq".
Nazir müavini onu da əlavə edib ki, XİN Xəzərin hüquqi statusu üzrə işçi qrupun növbəti iclasının noyabr- dekabr aylarında Bakıda keçirilməsi nəzərdə tutulub. Rəsmi Bakı konvensiyanın surətlə razılaşdırılmasında israrlarını davam etdirəcək. O, vurğulayıb ki, 18 il sonra aparılan danışıqlarda əsas prinsipial məsələlər üzrə ümumi razılıq oldu: "Bu isə o deməkdir ki, Xəzərdə əməkdaşlıq ruhu, ölkələr arasında birgə layihələrin həyata keçirilməsi imkanları daha da artıb".
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB