Azərbaycan NATO ölkələrindən birinə 100 ədəd pilotsuz təyyarə ixrac edəcək RƏSMİ

"Bu il tək Azərbaycan Ordusunu təmin etməklə yanaşı, NATO ölkələrindən birinə də 100 ədəd pilotsuz təyyarə ixrac etməliyik". SİA-nın xəbərinə görə, bu sözləri müdafiə sənayesi naziri Yavər Camalov jurnalistlərə verdiyi açıqlamasında deyib.

Nazir bildirib ki, hazırda Azərbaycan müdafiə sənayesi zavodlarında 51 istehsal sahəsi mövcuddur: "Bu ilin sonuna qədər 5 yeni zavodun, 7 yeni istehsal sahəsinin istismara verilməsi gözlənilir. Bu zavodlarda əsasən 40-46 mm-lik qumbaraatanların seriya istehsalı təşkil olunacaq. Eyni zamanda, bu qumbaraatanlar üçün döyüş sursatı istehsal ediləcək. Bu sırada M-6, M-12 partlayıcıları, U-25 döyüş sursatlarının istehsalı üçün zavodlar fəaliyyətə başlayacaq. 5,45 mm-dən tutmuş 30 mm-ə qədər bütün atıcı silahlar üçün güllələrin seriyalı istehsalına başlayacağıq. Bütün bunlar Ordumuz üçün böyük əhəmiyyət kəsb edən məmulatlardır. 2015-ci ilin birinci rübünün sonunda tank və artilleriya silahları üçün 55 mm-dən tutmuş 100 mm-dək döyüş sursatlarının istehsalına başlanacaq. Demək olar ki, Ordumuzun artilleriya və tank döyüş sursatlarına olan tələbatını tam ödəyəcəyik".

Y. Camalov açıqlaması zamanı bildirib ki, Azərbaycana bəzi texnologiyalar xaricdən gətiriləcək: "Hazırda maraq dairəmizdə olan bir sıra məmulatların istehsalı var. Bunun üçün I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (ADEX) iştirak edən şirkətlərlə də danışıqlar aparılır. Mənə elə gəlir ki, sərginin sonuna qədər həmin texnologiyaların Azərbaycana gətirilməsi istiqamətində razılıq əldə edəcəyik və həmin məhsulların növbəti illərdə Azərbaycanda istehsalı üçün istehsal sahələri yaradacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə