Elmar Məmmədyarov: “Avrokomissar Ştefan Füle çıxışı zamanı bir çox diplomatik sözlərdən istifadə edir”

"Avrokomissar Ştefan Füle Azərbaycanda vətəndaş cəmiyyəti və QHT-lərlə bağlı çıxışında bir çox diplomatik sözlərdən istifadə edir". SİA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin Azərbaycanda vətəndaş cəmiyyəti, QHT-lərlə bağlı səsləndirdiyi fkirlərə münasibət bildirərkən deyib.

Nazirin sözlərinə görə, QHT-lər Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməlidirlər: "İstəyirik ki, Azərbaycanda QHT-lərlə bağlı daha çox şəffaflıq əldə edək. Azərbaycan demokratik və açıq cəmiyyət yaradır. Biz QHT-lər tərəfindən şəffaflıq gözləyirik. İnsan hüquqlarına gəlincə, qanunun aliliyinin pozulması mümkün deyil. Bəzi beynəlxalq QHT-lər, təşkilatlar Azərbaycanı bu sahədə tənqid edirlər. Amma Azərbaycan bu ölkələr sırasında sonuncu deyil".

E. Məmmədyarov qeyd edib ki, Azərbaycan oktyabrın 2-də üzv dövlətlər adından AŞPA-da hesabat təqdim edəcək.

Qeyd edək ki, Ş. Füle Bakıda keçirilən mətbuat konfransında bildirib ki, Azərbaycan Avropanın ən nüfuzlu təşkilatlarından biri olan Avropa Şurasına sədrlik edir və Azərbaycan bu sədrliklə yanaşı öz ölkəsində həmin dəyərləri və prinsipləri daha dərin bərqərar edəcək: "Azərbaycanda vətəndaş cəmiyyətinin üzvləri ilə görüşdük. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına mane olan problemlər son illər azalıb. Avropa dəyərlərinin və prinsiplərinin bərqərar edilməsi üçün Azərbaycanın çox önəmli töhfəsini gözləyirəm. Ümid edirəm ki, Azərbaycanda Avropa dəyərləri və prinsipləri daha geniş bərqərar ediləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə