Keçmiş müsavatçı partiyanın sandığını AÇDI

“Qurultaydan sonra Müsavat dağılma xətti götürəcək”

"Qurultaydan sonra partiya dağlma xəttini götürəcək". Bu fikirləri SİA-ya açıqlamasında politoloq, keçmiş müsavatçı Qabil Hüseynli adıçəkilən partiyanın qurultay ərəfəsində daxili çəkişmələrə getməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Müsavat öz qurultayını keçirməsə, tamamilə rüsvay olar: "Onlar daha dərin parçalanmalara getməməkdən ötrü qurultayın keçirilməsinə ötəri yanaşacaqlar. Bu baxımdan, onlar qurultayı alabaşına, külbaşına keçirəcəklər. Amma məsələ burasındadır ki, Qubad İbadoğlunun söylədiklərində də bir həqiqət var. Çünki söhbət bərabər yarış şərtlərindən gedirsə, hamısı eyni start vəziyyətində olmalıdır. Yəni tutduğu vəzifələrdən imtina etməlidirlər. Çünki Arif Hacılı İcra Aparatının rəhbəridir. İcra Aparatı qurultaya hazırlıq üzrə təşkilat komitəsinin sədridir. Eyni zamanda İcra Aparatının üzvlərinin hamısı qurultaya hazırlıq üzrə təşkilat komitəsinin üzvləridir. Bunlar inzibati resurslar deməkdir. Yəni bu o deməkdir ki, əksər rayonlarda nümayəndələrin seçilməsi və onların qurultayda necə davranmaları Təşkilat Komitəsi və İcra Aparatı vasitəsilə tənzimlənəcək. Qubad İbadoğlu da bunu nəzərdə tutub deyir ki, partiyada bir qrupbazlıq var və bu qrupbazlıq daha çox təşkilat komitəsi vasitəsilə yönləndirilir. Bütün bunlar qurultayda seçki prosesinin obyektiv olmasına imkan verməyəcək".

Qabil Hüseynlinin sözlərinə görə, Qubad İbadoğlunun əsas qayğısı da bundan ibarətdir: "Arif Hacılının yerinə olsam, onun dediyi kimi hərəkət edərəm. Yəni İcra Aparatının rəhbərliyindən müvəqqəti istefa verərəm və çəkilib bir kənarda duraram. Yalnız qurultayın nəticələri elan olunduqdan sonra proseslərə qoşularam".

İsa Qəmbərdən sonra Müsavatın dağılması ehtimalına gəlincə isə başqan müavini bildirib ki, qurultaydan sonra partiyada incikliklər və qopmalar olacaq: "Əgər Arif Hacılı partiya sədri seçilsə və partiya sədri seçilənə qədər İcra Aparatının rəhbərliyindən kənara çəkilməsə yəni Qubad İbadoğlunun dediyi olmasa, bax o zaman qopmalar baş verəcək. Yəqin ki, Qubad İbadoğlu və onun tərəfdarları partiyadan uzaqlaşa bilərlər. Bu da partiyaya böyük ziyan vurar. Növbəti zərbə isə partiyanın məhvinə səbəb ola bilər".

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə