Azərbaycanın Türkiyədəki səfiri İzmir və Manisa şəhərlərində işgüzar səfərdə olub

Azərbaycanın Türkiyədəki səfiri İzmir və Manisa şəhərlərində işgüzar səfərdə olub

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin təşəbbüsü və Türkiyə-Azərbaycan Biznes Şurasının birgə təşkilatçılığı ilə cari ilin 20-22 avqust tarixləri arasında Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfiri Faiq Bağırov Türkiyənin İzmir və Manisa şəhərlərində işgüzar səfərdə olub. Səfirlikdən SİA-ya verilən məlumata görə, səfərin birinci günündə Səfir Faiq Bağırov İzmirin Əliağa rayonunda AR Dövlət Neft Şirkəti tərəfindən inşa edilmiş Heydər Əliyev adına Texniki və Sənaye Peşə Liseyini ziyarət etmiş, liseydə şagirdlər üçün yaradılmış şərait, liseyin tədris sistemi və gələcək inkişaf planları ilə tanış olub. Ziyarətin sonunda liseyə ölkəmiz haqqında kitab və jurnallar hədiyyə edilib.

Səfir daha sonra İzmirin Əliağa rayonunda yerləşən "Petkim PetroKimya" şirkətini ziyarət edib. Ziyarət zamanı şirkətin baş direktoru Sadettin Korkut tərəfindən AR Dövlət Neft Şirkətinin Əliağa rayonundakı investisiya layihələri, o cümlədən "Petkim" neft-kimya kompleksi, "Star" neftayırma zavodu, "Petlim" konteyner limanının inşası durumu ilə bağlı təqdimat edilib, daha sonra isə həmin layihələrin həyata keçirildiyi ərazilərə ekskursiya həyata keçirilib.

Səfərin ikinci günündə Səfir Faiq Bağırov İzmir valisi Mustafa Toprak, İzmir böyükşəhər bələdiyyəsinin sədr müavini Sırrı Aydoğan, Egey bölgəsi sənaye palatasının sədri Ender Yorgancılar, eləcə də Azərbaycanın İzmirdəki diaspora üzvləri ilə görüşlər keçirib. Görüşlər zamanı Azərbaycan-Türkiyə əlaqələrinin xüsusiliyi vurğulanıb və bütün sahələrdə uğurla davam edən əməkdaşlığın ölkələrimizin regionları arasında daha da gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Daha sonra Səfir Faiq Bağırov Egey bölgəsi sənaye palatasında çox sayda iş adamının qatıldığı geniştərkibli toplantıda iştirak edərək ölkəmiz haqqında iştirakçılara ətraflı məlumat verib və İzmirli iş adamlarını regionun ən sürətlə inkişaf edən ölkəsi olan Azərbaycana investisiya qoymağa dəvət edib.

Səfir İzmir səfərinin sonunda şəhərdə yerləşən "Egey sərbəst sənaye bölgəsini" ziyarət edib.

Regiona səfərinin üçüncü günündə Səfir Faiq Bağırov Manisada olub Səfir Manisa valisi Erdoğan Bektaş, Manisa böyükşəhər bələdiyyəsinin baş katibi Halil Memiş, Manisa ticarət və sənaye palatasının sədri Yaşar Coşkun, habelə Manisa-Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin üzvləri ilə görüşlər keçirib. Səmimi şəraitdə keçən görüşlər zamanı Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyəsindən bəhs edilmiş və bölgələrimiz arasında əlaqələrin inkişafının əhəmiyyəti haqda müzakirələr aparılıb.

Daha sonra Səfir Faiq Bağırov Manisa ticarət və sənaye palatasında çox sayda iş adamlarının iştirak etdiyi toplantıya qatılıb, Azərbaycanın sürətli iqtisadi inkişafı və ölkəmizdə mövcud olan sərfəli investisiya mühitindən geniş şəkildə bəhs edib.

Bütün xəbərlər Facebook səhifəmizdə