Hikmət Babaoğlu: “Dünya Myatoviçin mövqeyi siyasi manipulyasiyadır”

“Azadlıq” qəzetinin öz fəaliyyətini dayandırıb, bir neçə gün sonra yenidən bərpa etməsi əslində siyasi bir oyun idi
Hikmət Babaoğlu: “Dünya Myatoviçin mövqeyi siyasi manipulyasiyadır”

"ATƏT-in media azadlığı məsələləri üzrə nümayəndəsi Dunya Miyatoviçin fikirləri heç bir halda obyektiv əsaslara söykənmir və səmimi deyil". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu ATƏT-in media azadlığı məsələləri üzrə nümayəndəsi Dunya Miyatoviçin Azərbaycan hakimiyyətinə Rəsul Cəfərovu azad etmək çağırışına münasibət bildirərkən deyib.

Rəsul Cəfərovun cinayəti Azərbaycan qanunları ilə, müstəqil məhkəmə sistemi vasitəsilə sübuta yetirilib...

"Azərbaycan hüquqi dövlətdir. Hər bir hüquqi dövlətdə olduğu kimi, Azərbaycanda da vətəndaşların konstitusion hüquq və azadlıqları ilə yanaşı, mənsub olduqları dövlət qarşısında öhdəçilikləri, vəzifələri və məsuliyyətləri müəyyənləşdirilib. Kimsənin hansısa bir peşəyə yiyələnərək öz vətəndaşlıq statusundan əlahiddə hüquq əldə etməsi mümkün deyil. Çünki, hüquqi dövlətin məntiqi, fəlsəfəsi və əsasları bunu rədd edir. Hüquqi dövlət qarşısında hər bir vətəndaş bərabərdir, eynihüquqludur. Ona görə də hər bir kəs qanun qarşısında eyni məsuliyyəti daşıyır və heç bir vətəndaşa fərq qoyulmur. Rəsul Cəfərovun cinayəti Azərbaycan qanunları ilə, müstəqil məhkəmə sistemi vasitəsi ilə sübuta yetirilib və cəzalandırılıb. Ona görə də bu cür hallardan siyasi şou düzəltmək doğru deyil. Bütün bunların insan hüquq və azadlıqları, söz və mətbuat azadlıqları ilə heç bir əlaqəsi yoxdur" -deyə, H.Babaoğlu vurğulayıb.

Azərbaycan hakimiyyəti insan hüquq və azadlıqlarını, söz və mətbuat azadlıqlarını hər zaman diqqət mərkəzində saxlayır

H. Babaoğlu bildirib ki, bir sıra beynəlxalq və regional təşkilatlar, bəzi dövlətlərin xarici işlər departamentləri kimi bu məsələnin Dunya Myatoviçin də yadına, məhz indiki mərhələdə düşməsi maraq doğurur: "Hazırda cəbhədə ermənilər atəşkəsi pozublar və Azərbaycan qarşı təzyiq davam edir. Belə bir vəziyyətdə, birdən-birə nədənsə Dunya Myatoviçin xatırlatdığı "Azadlıq" qəzeti də öz fəaliyyətini dayandırdı. Nədənsə, Azərbaycanda söz və mətbuat azadlığı yada düşdü. Dunya Myatoviçin və digər beynəlxalq təşkilatların yadına vaxtaşırı, onlara lazım olan məqamda bu məsələ yada düşdüyü halda, Azərbaycan hakimiyyəti insan hüquq və azadlıqlarını, söz və mətbuat azadlıqlarını hər zaman diqqət mərkəzində saxlayır. Yəni, "Azadlıq" qəzetinin öz fəaliyyətini dayandırması və bir neçə gündən sonra yenidən bərpa etməsi əslində siyasi bir oyun idi. Əslində bu, məhz söz və mətbuat azadlığı ilə bağlı fəaliyyət göstərən ayrı-ayrı beynəlxalq təşkilatlara arqument təqdim etmək idi".

Ayrı-ayrı şəxslərin söz və mətbuat azadlığını özlərinə çətir tutaraq qanunları pozması da manipulyasiyadır və yolverilməzdir!

Baş redaktorun sözlərinə görə, "Azadlıq" qəzeti Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsi ilə ayrılan maddi yardımlardan maksimum istifadə edən qəzetlərdən biridir: "Əslində başqa yerlərdən gəlir gəlməsə belə, həmin pul vasitəsilə "Azadlıq" qəzeti öz nəşrini davam etdirə bilərdi. Nədənsə bu qəzet hesab edir ki, siyasi spekulyasiyaya alət olmalıdır. Cəbhədə ermənilər tərəfindən atəşkəsin pozulduğu bir vaxtda Azərbaycana əlavə təzyiqlərin olması üçün fəaliyyətini dayandırır, siyasi manipulyasiya edir. Dünya Myatoviçin mövqeyi də siyasi manipulyasiyadır. Ayrı-ayrı şəxslərin söz və mətbuat azadlığını özlərinə çətir tutaraq qanunları pozması da manipulyasiyadır, yolverilməzdir. Amma bir məsələni unutmaq lazım deyil ki, Azərbaycanda hüquqi dövlət var və qanunu pozan hər bir kəs bütün təzyiqlərə, ayrı-ayrı şəxslərin rəylərinə baxmayaraq, qanun qarşısında cavab verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə