Elşad Mirbəşiroğlu: “Müharibə başlasa, uduzan Ermənistan olacaq” MÜSAHİBƏ
Məlum olduğu kimi Ermənistan və Azərbaycan prezidentlərinin Soçidə görüşü nəzərdə tutulur. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, artıq bu həftə Soçidə Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri görüşəcək. Onun sözlərinə görə, Vladimir Putin İlham Əliyev və Serj Sərkisyanla təkbətək görüşdükdən sonra üçtərəfli görüş keçiriləcək.
Rusiya prezidentinin vasitəçiliyi ilə keçirilməsi nəzərdə tutulan bu görüşün Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində əsaslı rol oynaya biləcəkmi? SİA-ya açıqlamasında bu suala aydınlıq gətirən politoloq Elşad Mirbəşiroğlu bildirib ki, bu görüş cəbhə bölgəsində Ermənistan tərəfindən atəşkəs rejiminin mütəmadi olaraq pozulduğu bir dövrdə baş verir: "Hesab edirəm ki, keçiriləcək görüşdə hər şeydən öncə atəşkəs rejiminə əməl olunması məsələsi müzakirə ediləcək. Digər tərəfdən də güman edirəm ki, bu görüşdə əsasən Ermənistan tərəfi özünü maraqlı bir tərəf kimi göstərəcək. Nəyə görə? Çünki, Ermənistanın diversiya qrupları tərəfindən Azərbaycanın mövqelərinə hücumlar təşkil olunduqdan və düşmən cavabını aldıqdan sonra Ermənistanda bir təşviş yaranıb. Bu baxımdan hesab edirəm ki, ilk növbədə cəbhə bölgəsindəki vəziyyət müzakirə olunacaq. Digər bir məqam ondan ibarətdir ki, artıq beynəlxalq ictimaiyyət və regionda maraqlı tərəf kimi Rusiya da görür ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində artıq qəti addımlar atmaq lazımdır. Çünki hər an müharibə alovlana bilər. Son hadisələr də göstərir ki, yenidən genişmiqyaslı müharibə baş verərsə, uduzan tərəf birmənalı olaraq Ermənistan olacaqdır. Ona görə də, Ermənistanı dəstəkləyən tərəf kimi də Rusiya bu məsələdə özünü göstərməlidir. Əks təqdirdə bu Ermənistan üçün çox acınacaqlı nəticələrə gətirib çıxaracaq".
E.Mirbəşiroğlunun sözlərinə görə, bütün hallarda reallıq ondan ibarətdir ki, zaman Azərbaycanın xeyrinə işləyir: "Yəni status-kvo vəziyyəti nə qədər uzanırsa Ermənistan bir o qədər də acınacaqlı duruma düşür. Düşünürəm ki, Ermənistan və Azərbaycan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Soçidə keçiriləcək görüşündə tərəflər mütləq hər hansı bir addımın atılması ətrafında real müzakirələr aparacaq. O ki, qaldı görüşdən hər hansı bir nəticə alınmayacağı təqdirdə atılacaq addımlara, Ermənistan tərəfi atəşkəs rejiminə əməl edəcəksə, Azərbaycan tərəfi də münaqişənin dinc yolla tənzimlənəcəyi müqabilində atəşkəs rejiminə əməl edəcəkdir. Amma bundan sonra Ermənistan özünü son dövrlərdəki kimi apararsa, Azərbaycan tərəfi münaqişənin həlli üçün lazımı addımlar atacaq. Bu isə eyni zamanda Ermənistanın məhvinə gətirib çıxaracaqdır."
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB