Sergey Lavrov: “Rusiya prezidentinin Ermənistan və Azərbaycan prezidentləri ilə ayrı-ayrı görüşləri nəzərdə tutulub”

Sergey Lavrov: “Rusiya prezidentinin Ermənistan və Azərbaycan prezidentləri ilə ayrı-ayrı görüşləri nəzərdə tutulub”

"Təmas xəttində baş verənlər narahatlıq doğurur. Tərəflər bir-birini təxribatları törətməkdə ittiham edir. Belə hallar əvvəllər də olub. Təəssüf ki, artıq illərdir biz dövri olaraq gərginliyin artması hallarını müşahidə edirik, lakin bu dəfə bütün bunlar həssaslıqla qəbul və təqdim olunur. Xeyli sayda insan ölüb və biz digər ölkələrlə, o cümlədən ATƏT-in Minsk qrupu həmsədrləri ilə tərəfləri ehtiyatlı olmağa, növbəti dəfə zorakılığın artmasına səbəb olacaq addımlar atmamağa çağırmışıq". SİA-nın xəbərinə görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov İTAR-TASS-a müsahibəsində deyib.

Onun sözlərinə görə, həftəsonu Soçidə Rusiya prezidentinin Ermənistan və Azərbaycan prezidentləri ilə ayrı-ayrı görüşləri nəzərdə tutulub: "Onlar eyni vaxtda bir yerdə olanda, güman ki, Dağlıq Qarabağ haqqında söhbətsiz keçinmək mümkün olmayacaq. Lakin bunun necə təşkil olunacağı özümüzdən asılıdır. Əlbəttə, azərbaycanlı və ermənistanlı tərəfdaşlarımızla ATƏT-in Minsk qrupu tərəfindən etimad mühitinin möhkəmlənməsi və münaqişə risklərinin azaldılmasına necə yardım edə bilməyimizi müzakirə edəcəyik. Qarabağ münaqişəsinə hər iki tərəfdən olduqca həssas yanaşma var. Biz Minsk qrupunun həmsədri olaraq amerikalı və fransalı tərəfdaşlarımızla birgə nizamlanma prinsiplərinin yer alacağı sənədin imzalanmasına maneçilik törədən bəzi məsələlərin həlli üçün xeyli səy göstəririk. Tərəflərin özləri üçün məqbul paketi formalaşdırması bu məsələləri lazımi səviyyəyə gətirib çıxarmaq mümkündür. Münaqişənin nizamlanmasında istifadə olunacaq prinsiplərin yer alacağı siyasi bəyanatın qəbulu bölgədəki vəziyyətin normallaşmasına xidmət edə bilər. Bunu etmək çətindir. Bu vaxtadək xeyli cəhdlər olub və hər dəfə bizə elə gəlirdi ki, artıq çox önəmli mərhələyə çatmışıq, lakin sonda buna nəsə mane olurdu. Ona görə də proqnozlar verməyəcəm".

Rusiyalı nazir xatırladıb ki, bir müddət öncə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə etimad tədbirlərinin gücləndirilməsinin vacibliyi ilə bağlı razılıq əldə olunub. "Əgər atışma olursa, həmin an meyitlərin qaytarılması, əsirlərin mübadiləsi kimi məsələləri və hansısa əlavə addımları razılaşdırmaq lazımdır ki, təmas xəttindəki durum sabitləşsin".

Bütün xəbərlər Facebook səhifəmizdə