Mustafa Hacıbəyli: “Xahiş etsələr yer verə bilərik”
Müsavatdan Milli Şuraya ŞƏRT

"Əgər Milli Şura rəhbərliyi istəsə və bizə müraciət etsə Müsavat Partiyası onlara sessiya keçirmək üçün öz qərargahında yer verə bilər". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyası başqanının müşaviri, Məclis üzvü Mustafa Hacıbəyli Milli Şuranın sessiyasını keçirilməsi üçün Müsavat Partiyasının qərargahının təklif edilməsi mümkünlüyünə münsaibətini bildirərkən deyib.

Müsavatçı yetkili deyib ki, onun təmsil olunduğu partiya rəhbərliyi müraciət, yaxud xahiş olunduğu halda müsbət qərar verə bilər: "Çünki Müsavat Partiyası rəhbərliyinə müraciət olunan zaman biz öz qərargahımızı, o cümlədən, ayrı-ayrı otaqlarımızı partiyaların tədbirləri üçün ayırmışıq. Hətta İctimai Palatanın fəaliyyəti zamanı onun bütün iclasları bizim qərargahda keçirilirdi".

Bu arada Müsavatla kəskin münasibətlərdə olan olan Milli Şura rəhbərliyi adıçəkilən partiyanın qərargahında sessiya keçirmək üçün hərəkətə keçiblər.

Belə ki, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Mehriban Vəzir də bunu istisna etməyib və bildirib ki, münasibətlər pozulmuş olsa da sessiya Müsavat qərargahında keçirilə bilər: "Məncə, müsavatçılar bunu normal qarşılayarlar".

Qeyd edək ki, Milli Şurada KXCP ilə yaranmış soyuq münasibətlər səbəbindən klassiklər sessiyanın onların qərargahında keçirilməsinə razılıq verməyiblər. Onlar bunu "toplantı məkanının darısqallığı" ilə əlaqələndiriblər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə