Azay Quliyev: “Biz onları bu prosesə vahid yanaşma sərgiləməyə çağıracayıq” AÇIQLAMA

Azay Quliyev: “Biz onları bu prosesə vahid yanaşma sərgiləməyə çağıracayıq” AÇIQLAMA

"ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü illik sessiyası Bakı Bəyannaməsinin qəbulu ilə tarixə düşdü. Çox sevinirəm ki, Azərbaycan ATƏT PA-nın 23-cü illik sessiyasına ev sahibliyi etdi". Bunu SİA-ya ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, büro üzvü Azay Quliyev deyib.

Azay Quliyevin sözlərinə görə, ATƏT PA-nın Bakıda keçirilən 23-cü illik sessiyasında ən önəmli qazancımız bu sessiyanı çox yüksək səviyyədə təşkil etməyimiz oldu: "Biz Azərbaycanın nə qədər tolerant, mehriban, qonaqpərvər və inkişaf etmiş bir dövlət, cəmiyyət, xalq olduğunu nümayiş etdirdik. Hətta əminlikdə deyə bilərəm ki, bir çoxlarının Bakıya gələnədək ölkəmizlə bağlı fikri tam deyildisə, indi onlar Azərbaycandan çox yüksək əhval-ruhiyyə və təəssüratla ayrılırlar. Hesab edirəm ki, bu cür tədbirlərdə ən mühüm uğur elə məhz bundan ibarətdir. Çünki Azərbaycan kimi dövlətlər, ölkələr dünyada tam şəkildə tanınmaq üçün bu cür tədbirlərdən faydalanmalıdırlar.

Sessiyanın mahiyyəti üzrə məsələlərə gəldikdə isə deyə bilərəm ki, doğurdan da burada çox mühüm qərarlar qəbul olundu və önəmli qətanamələr verildi. Bildiyiniz kimi, Bakı sessiyası çox gərgin, geosiyasi proseslərin baş verdiyi zamana təsadüf etdi. Xüsusilə Ukrayna və onun ətrafında baş verən hadisələri buna misal olaraq göstərə bilərik. Bu sessiyada Ukrayna ətrafında tərəflərin çox ciddi müzakirələri və ittihamları oldu. Hesab edirəm ki, Bakı Bəyannaməsinin qəbulu bütövlükdə Bakı sessiyasının gəldiyi ən mühüm nəticələrdən biri idi. Bəs gəlin görək burada bizim üçün mühüm nəticə nədən ibarət idi? Əsas o idi ki, Helsinki "Yekun Aktı"nın müddəaları bir daha burada səsləndirildi. Hətta həmin müddəalara hörmətin göstərilməsi və onun pozulmaması təsbit edildi. Ümumiyyətlə beynəlxalq hüquq normaları, prinsipləri kobud şəkildə pozulur və ayrı-ayrı ölkələrdə fərqli şəkildə tətbiq olunur. Amma indi nə qədər ağrılı olsa da görünür bunun üçün Ukrayna krizisi yaranmalı idi.

Helsinki "Yekun Aktı"nın əsas prinsipi olaraq bütün nümayəndə heyətləri tərəfindən ərazi bütövlüyünün toxunulmazlığı, beynəlxalq sərhədlərin dəyişdirilməməsi, gücün tətbiq edilməməsi və ölkələrin suverenliyinin qorunması bir daha vurğulandı. Hesab edirəm ki, Bakı Bəyannaməsində bunun tətbiq olunması bizə imkan verəcək ki, gələcəkdə ATƏT PA və ATƏT-in digər institutlarının özlərinin qəbul etdiyi qətnamələrə hörmət etmələrinə və hər hansı bir selektiv yanaşmaya yol verməməyə, eləcə də ikili və çoxsaylı standartlardan yayınaraq bütün bu prosesə vahid yanaşma sərgiləməyə çağıracayıq".

Bütün xəbərlər Facebook səhifəmizdə