Bu gün ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü yay sessiyasının Bakı bəyannaməsi qəbul edilib. SİA-nın məlumatına görə, bəyannamədə qeyd olunur:
ATƏT regionunda uzanmış münaqişələrin həlli istiqamətində tədbirlərin görülməsi və bu münaqişələrin həllində irəliləyişin sülh yolu ilə və danışıqlar vasitəsilə, o cümlədən BMT Nizamnaməsinə, Helsinki Yekin Aktına və beynəlxalq hüquqa uyğun şəkildə əldə olunması ATƏT-in əsas vəzifələrindən biridir. ATƏT-ə üzv dövlətlərin sərhədlərinin pozulmamasının və Helsinki Yekun Aktında əksini tapan ərazi bütövlüyü prinsiplərinə əməl edilməsinin vacibliyi vurğulanır.
Münaqişə regionlarında geniş yayılan və hər il çoxlu sayda insanın, o cümlədən mülki vətəndaşların həlak olmasına səbəb olan silahların qanunsuz ticarətinin qarşısının alınması üçün yeni tədbirlərin görülməsinə çağırış edilir. Kibermüharibə və terrorizm kimi təhdidlərə qarşı mübarizənin və bu cür təhlükələrin qarşısının alınmasının vacibliyi qeyd edilərək, bu istiqamətdə fəaliyyətin kibertəhlükəsizlik sahəsində Avropa Birliyinin strategiyasına uyğunlaşdırılmasının vacib olduğu qeyd olunur.
ATƏT regionunda insan alverinə qarşı, o cümlədən cinsi istismar məqsədilə uşaq alverinə qarşı tədbirlərin gücləndirilməsinin və bu cinayətlərin qurbanlarına hərtərəfli köməklik göstərilməsi üçün lazımi addımların atılmasının vacibliyi vurğulanır. Terrorizm və radikalizmlə mübarizənin vacibliyi qeyd olunmaqla, terrorçuların silahlı münaqişə zonalarından daimi yaşadıqları ölkələrə qayıtması nəticəsində terrorizm və radikalizm təhlükələrinin artmasından narahatlıq ifadə olunur və ATƏT-ə üzv ölkələr bu təhlükələrin qarşısının alınmasında təşkilatın rolunun artırılması üçün əlavə tədbirlər görmək imkanlarını nəzərdən keçirməyə çağırılır.
İnformasiya və kommunikasiya texnologiyalarının, o cümlədən internet və sosial şəbəkələrin terror məqsədləri üçün, habele terrorçuluğa çağırış, onun maliyyələşdirilməsi və terrorçuların ələ alınması üçün istifadə olunmasında artan tendensiyalardan narahatlıq bildirilir.
ATƏT-ə üzv ölkələri informasiya və kommunikasiya texnologiyalarının, o cümlədən internet və sosial şəbəkələrin terror məqsədləri üçün istifadə edilməsinin qarşısını almaq üçün bütün lazımi tədbirlər görməyə və bu tədbirlərin milli qanunvericiliyə, beynəlxalq hüquqa və ATƏT çərçivəsində götürülən siyasi öhdəliklərə uyğunluğunu təmin etməyə çağırır.
ATƏT-ə üzv ölkələri terrorizmlə mübarizə ilə bağlı milli qanunvericiliklərini BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq terrorizmlə mübarizə istiqamətində götürdükləri beynəlxalq öhdəliklərinə, eyni zamanda antiterror konvensiyalarına və beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı BMT-nin Konvensiyalarına uyğunlaşdırmağa çağırır.
Ukrayna böhranına da geniş yer ayrılır. Sənəddə Ukraynanın ərazi bütövlüyü və müstəqilliyinə dəstək ifadə olunur və ATƏT ölkələrindən beynəlxalq platformalarda Ukraynanın ərazi bütövlüyünü dəstəkləmək istənilir.
Bakı bəyannamədə ATƏT Əfqanstanla əməkdaşlığının davam etdirilməsi, ATƏT regionunda sosial-iqtisadi hüquqların qorunması və təşviq edilməsi, ATƏT regionunda ərzaq təhlükəsizliyi, imiqirasiya məsələləri, qaçqın və məcburi köçkünlərin vəziyyəti, mədəni mülkiyyətin qorunması, işgəncələrə qarşı mübarizə və s. məsələlərə toxunulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB