Məlahət İbrahimqızı: “Prezidentin AŞPA-dakı çıxışı hər birimizdə fəxarət hissi yaşatdı” AÇIQLAMA

Məlahət İbrahimqızı: “Prezidentin AŞPA-dakı çıxışı hər birimizdə fəxarət hissi yaşatdı” AÇIQLAMA

"Azərbaycan prezidenti İlham Əliyevin AŞPA-dakı çıxışı hər birimizdə fəxarət hissi yaşatdı. Bu həm mənin, eyni zamanda seçicilərimin fikridir". Bu sözləri SİA-ya Milli Məclisin deputat, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, növbəti 6 ay Azərbaycanın AŞPA-ya rəhbərlik edəcəyi bir dönəmdir: "Bu məqsədlə də ümumi qaydalara görə, sədrlik hansı ölkəyə keçirsə, o dövlətin prezidenti, birinci şəxsi AŞPA-da ənənəvi çıxışlarını edir. Möhtərəm prezidentimizin çıxışı da bu formatda olan nitqdir. Deyərdim ki, prezidentimizin dəyanətli və cəsarətli çıxışı bir daha göstərdi ki, Azərbaycan güclü, sürətlə inkişaf etmiş dövlətlər siyahısına daxildir".

Məlahət İbrahimqızı onu da diqqətə çatdırıb ki, Azərbaycan artıq Avropa Şurasına daxil olan bəzi ölkələr kimi datasiya ilə yaşamır və ona hər hansı diqtəni, əmri etmək olar: "Azərbaycan belə ölkələrdən deyil və möhtərəm prezidentimiz qətiyyətli mövqeyi, çıxışı ilə Azərbaycanın beynəlxalq aləmdə nə qədər önəmli ölkə olduğunu xatırlatdı. Bu bəlli bir reallıqdır. Azərbaycan həmişə demokratik dəyərlərə sadiq olan bir ölkədir. Ən son biz bunu BMT-də Təhlükəsizlik Şurasında Rusiya-Ukrayna məsələsində müşahidə etdik. Azərbaycan demokratik qüvvələrin yanında dayandı. Bu o qədər də asan deyildi. Bəs, bizim torpaqlarımızı işğal edən, işğalçı dövlət Ermənistan kimin yanında dayandı? Venesuelanın, Şimali Koreyanın. Azərbaycan hər mənada beynəlxalq təşkilatlar üçün, Avropa ölkələri üçün çox önəmli, eyni zamanda etibarlı bir tərəfdaşdır. Avropa Şurasının Azərbaycana bu gün çox böyük ehtiyac var. O istəklərin, tələblərin qarşılığını ala bilmirik".

Azərbaycan prezidentinin AŞPA-nın iclasındakı çıxışında bir çox diqqətçəkən məqamların olduğunu deyən millət vəkili vurğulayıb ki, dövlət başçısı İlham Əliyev onların ikili standartlarını, riyakarlığını öz çıxışı ilə tənqid etdi: "Necə olur ki, BMT-nin qəbul etdiyi sənədlər bir-iki dəqiqə içində həll olunur, ancaq 20 ildən artıqdır dörd qətnamə icra edilmir. Necə olur ki, 20 ildən artıqdır ki, bir milyon əhalisi qaçqın olan, işğala məruz qalan bir ölkəyə işğalçı dövlətlə bərabər status verilsin. Bu ikili standartlar nə vaxta qədər göz yumulacaq? Möhtərəm prezidentimiz çıxışında bu ikili standartlara artıq son verməyin vaxtının çatdığını xatırlatdı".

Günel Səfərli

Bütün xəbərlər Facebook səhifəmizdə