Elman Nəsirli: “İşğalçı ölkə hay-küy salmaqla məşğuldur” AÇIQLAMA

Elman Nəsirli: “İşğalçı ölkə hay-küy salmaqla məşğuldur” AÇIQLAMA

"Bu, Ermənistan tərəfinin dəyişməz mövqeyidir. Onlar ciddi cəhdlə çalışırlar ki, indiki status-kvo vəziyyəti maksimum qorunub saxlanılsın". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli Bakıda keçirilən NATO Parlament Assambleyasının (PA) "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarında ermənilərin özlərinə haqq qazandırmasına münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, Ermənistan tərəfi bu niyyətinə nail olmaq üçün müxtəlif vasitələrdən istifadə edir: "Həmin üsullardan biri də ondan ibarətdir ki, azərbaycanlıların iştirak etdiyi müxtəlif tədbirlərdə, xüsusilə Azərbaycanda olarkən onlar bizi provokasiyaya cəlb etsinlər və ənənəvi təhrif olunmuş məlumatlar yaysınlar. Bununla da onlar çalışırlar elə fikir söyləsinlər ki, guya beynəlxalq hüquqa görə, heç bir halda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyindən sənəd qəbul edilməyib. Əslində beynəlxalq hüquq Ermənistanın tərəfindədir. Beləcə, onlar beynəlxalq ictimai fikri aldadan mövqedən çıxış edirlər. Hətta onlar Bakıda keçirilən NATO Parlament Assambleyasının (PA) "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarında da hayasızcasına rəsmi Bakının ciddi etirazına səbəb olacaq bəyanatlar verməyə çalışırdılar. Hətta onlar səy göstəririlər ki, Azərbaycan tərəfini elə bir təxribata sövq etsinlər ki, kimlərinsə əsəbləri tarıma çəkilsin və vəziyyət nəzarətdən çıxsın. Təbii ki, onlar da bundan təbliğat kampaniyası kimi istifadə etməyə çalışırdılar.

Azərbaycanlı parlamentarilər, xüsusilə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov çox gözəl faktlarla, hüququn dili ilə, eləcə də BMT-nin məlum 4 qətnaməsindən çıxış edərək sübut etdi ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Bu baxımdan hesab edirəm ki, Bakıda keçirilən bu tədbir Ermənistanın işğalçılıq siyasəti və onun nəticələrinin beynəlxalq aləmə çatdırılması baxımından unikal bir şans idi. Təbii ki, Azərbaycan tərəfi də bundan maksimum faydalandı. Bununla da bir daha xarici təmsilçilərə məlum oldu ki, işğalçı ölkə yalnız hay-küy salmaqla məşğuldur".

Bütün xəbərlər Facebook səhifəmizdə