Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının Ümumrespublika konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Baş nazirin müavini, YAP-ın sədr müavini-İcra katibi Əli Əhmədov, İcra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, hakim partiyanın Qadınlar Şurasının sədri Nurlana Əliyeva, Milli Məclisin sədr müavini Bahar Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və digər qonaqlar iştirak edib.
Mərasimi açıq elan edən YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva əvvəlcə gündəlikdə duran məsələlər haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycanda qadınların rolunun və nüfuzunun artması ölkəmizin uğurlarından biridir: "Bu gün Azərbaycan qadını ölkəmizdə görülən bütün işlərdə mühüm rola malikdir. Ölkəyə başçılıq etdiyi bütün dövrlərdə millətin gələcəyinə, təhsilin, səhiyyənin, iqtisadiyyatın, mədəniyyətin hərtərəfli inkişafına həmişə qayğı ilə yanaşan Ümummilli Lider Heydər Əliyev qadınların cəmiyyətdəki rolunu xüsusi qeyd edirdi: "Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır"".
Sədr vurğulayıb ki, yaşadığı tarixi dövrdən, onun sosial-iqtisadi vəziyyətindən, coğrafi məkandan, irqindən, dilindən, dinindən asılı olmayaraq qadın bəşəriyyətin inkişafının bütün mərhələlərində özünəməxsus aparıcı qüvvə olub: "Azərbaycan qadını çətin, keşməkeşli inkişaf yolu keçib. Tarixin istənilən zaman kəsiyində biz Azərbaycan qadınının öz yerinin və mövqeyinin olduğunu görərik".
Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, ötən konfransdan keçən 5 il ərzində həyatımız xeyli dəyişib: "Düşünürəm ki, bu illər ərzində qürur duyduğumuz uğurlu addımlarımız daha çox olub. Biz burada ötən 5 ildə görülən işlər haqqında danışırıq və qazandığımız uğurları, nəticələri müzakirə edirik. Hesab edirəm ki, burada seçiləcək yeni heyət müntəzəm şəkildə toplanmalı və öz hədəflərimizi müəyyənləşdirməliyik. Mən hətta Respublika toplantılarının keçirilməsini belə məqsədəuyğun sayıram. Biz bu konfransla gələcək 5 il üçün öz proqramımızı müəyyənləşdiririk".
YAP Siyasi Şurasının üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan qadınları cəmiyyətin dinamik inkişafı istiqamətində həyata keçirilən irimiqyaslı layihələrdə öz fəallığı ilə seçilirlər: "YAP digər partiyalara örnəkdir. Hakim partiyada təmsil olunan yaşlı nəsil burada öz sözünü deyib və yerini müəyyənləşdirib. Hazırda Azərbaycanın həm siyasi, həm də ictimai həyatının bütün sahələrində qadınların rolu və sayı ildən-ilə artır. Azərbaycanın bugünkü uğurları biz çox sevindirir. Amma əfsuslar olsun ki, müəyyən mənada problemlərimiz da mövcuddur. Biz hamımız səylərimizi birləşdirməli və cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməliyik".
YAP Siyasi Şurasının üzvü, hakim partiyanın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı qadınların cəmiyyətdə yeri və rolu barədə danışıb, onların rayonun ictimai-siyasi və mədəni həyatında tutduqları mövqe və əldə etdikləri nailiyyətlərdən söhbət açıb. Bildirilib ki, Azərbaycanda qadınlar tarixin hər bir mərhələsində ağır, məsuliyyətli vəzifələrin yerinə yetirilməsindən çəkinməyiblər. Hətta elə qadınlarımız olub ki, onlar siyasi xadim kimi olduqca yüksək diplomatik qabiliyyətə malik olub, qəhrəmanlıqları ilə tarixin yaddaşına həkk olunublar".
Ümummilli liderimiz Heydər Əliyevin qadınlara həmişə böyük diqqət və qayğı göstərdiyini bildirən natiq məhz Ulu Öndərimiz tərəfindən 1998-ci ildə Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında" sərəncam imzalandığını, Prezidentin fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradıldığını, 1998-ci ilin sentyabrında isə Azərbaycan qadınlarının I qurultayının keçirildiyini diqqətə çatdırıb.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Ülviyyə Həmzəyeva və digər çıxış edənlər qadınların cəmiyyətdəki rolundan danışıblar.
Azərbaycanda ötən 5 il müddətində xeyli dəyişiklilər baş verib. Həqiqətən, bugünkü toplantıda iştirak hər birimizin qəlbində qürur yaradır. Bunu isə konfransda çıxış zamanı Baş nazirin müavini, YAP-ın Sədr müavini, İcra katibi Əli Əhmədov deyib.
YAP rəsmisinin sözlərinə görə, Ümummilli Lider Heydər Əliyev və bu siyasi kursun layiqli davamçısı YAP-ın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan qadınlarına böyük diqqət və qayğı var: "Azərbaycan əhalisinin 50 faizindən çoxunu qadınlar təşkil edir. YAP Azərbaycan qadınlarının ictimai-siyasi proseslərə qoşulması baxımından çox etibarlı bir platformadır. Artıq onlar bununla özlərini ifadə edə bilirlər. 5 il ərzində YAP Qadınlar Şurası əhəmiyyətli dərəcədə inkişaf edib. Bütövlükdə hakim partiyanın fəaliyyəti Azərbaycanın hüdudlarından kənara çıxdığı kimi, YAP Qadınlar Şurasının fəaliyyəti də artıq ölkə hüdudlarından kənara çıxıb. Güman edirəm ki, qarşıdakı illər ərzində YAP Qadınlar Şurasının fəaliyyəti daha da genişlənəcək.
Baş nazirin müavini bildirib ki, Azərbaycanda bu ilin dekabr ayında növbəti bələdiyyə eçkiləri keçiriləcək: "2009-cu ilin bələdiyyə seçkilərində qadınlarımız fəal iştirak etdilər. İnanırıq ki, bu seçkilərdə də ölkə qadınları daha fəal iştirak edəcəklər. YAP böyük və əzəmətli bir gücdür. Nə qədər çox insan YAP-ın ətrafında birləşərsə, bir o qədər Azərbaycan cəmiyyətində daxili birlik güclənmiş olar. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət uğurla davam edir. Qadın sadəcə olaraq cəmiyyətin bir üzvü kimi fəaliyyət göstərmir. Hakim partiyada birləşən 300 minə yaxın qadınlarımız Azərbaycanın işıqlanmasına özünün töhvələrini verir".
Konfransda YAP Qadınlar Şurasının sədrliyinə yenidən növbəti 5 il üçün Nurlana Əliyeva seçilib. Eyni zamanda, konfransda Qadınlar Şurasının tərkibi, İdarə Heyəti və sədrin müavinləri seçilib.
Qeyd edək ki, tədbirdən öncə Şura üzvləri Fəxri Xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib və əklil qoyublar. Daha sonra Şura üzvləri oftolmoloq alim Zərifə xanım Əliyevanın məzarını ziyarət edərək, gül-çiçək dəstələri düzüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB