Elman Məmmədov: “Minsk qrupu bu bəyanatla pərdəarxası xəyanətkar fəaliyyətini ört-basdır etmək istəyir” MÜNASİBƏT

Elman Məmmədov: “Minsk qrupu bu bəyanatla pərdəarxası xəyanətkar fəaliyyətini ört-basdır etmək istəyir” MÜNASİBƏT

"Bu, Minsk qrupunun növbəti cəfəng bəyanatıdır". Bu sözləri SİA-ya ATƏT-in Minsk qrupunun Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs sazişinin 20 illiyi ilə bağlı bəyanatına münasibət bildirərkən millət vəkili Elman Məmmədov deyib. O, Minsk qrupunun bu bəyanatla uğursuz fəaliyyətini ört-basdır etmək istədiyini qeyd edib: "ATƏT-in Minsk qrupu bu bəyanatla pərdəarxası xəyanətkar, uğursuz fəaliyyətini ört-basdır etmək istəyir. Hiss olunur ki, onlar demək istəyir ki, bu vəziyyət elə belə də davam etməlidir və siz bununla barışmalısınız. 12-13 ildir ki, bu fikri deyirəm və üstündə dayanıram ki, ATƏT-in Minsk qrupunun yaradılmasında əsas məqsəd bu problemin həllinə kömək etmək deyil. Həmin o həmsədr dövlətlərin pərdəarxası əsas məqsədi bu problemin həllini əngəlləmək, ləngitmək və Azərbaycan üçün əbədi bir bəlayə çevirib, təzyiq mexanizmi kimi həmişə qüvvədə saxlamaqdır. ATƏT-in Minsk qrupunun həmsədrlərindən soruşmaq lazımdır ki, sizin təmsil etdiyiniz dövlətlərin hər hansı birinin bir metr torpağı bu müddət ərzində işğal altında qalmış olsaydı, siz belə ürəkli bəyanat verərdinizmi və ya onunla razılaşardınızmı?"

Millət vəkili bəyanatdakı cəfəng fikirləri belə şərh edib: "O ki qaldı bəyanatdakı Azərbaycan və erməni ictimaiyyəti arasında inam və qarşılıqlı anlaşma olmalıdır məsələsinə, torpağımızı işğal etmiş, bir milyondan artıq vətəndaşımızı, soydaşımızı 22-23 ildir qaçqın və məcburi köçkün vəziyyətinə salmış, ən müqəddəs dəyərlərimizi məhv etmiş, bizə bu gün də düşmən mövqeyində dayanan və torpaqlarımzı işğaldan azad etməyən bir xalqla aramızda hansı etimatdan, inamdan, hörmətdən danışmaq olar? Azərbaycan xalqı olaraq əbədi düşmənçilik istəmirik. Biz bütün xalqlar, millətlər, qonşularla qarşılıqlı dostluq, əməkdaşlıq, tərəfdaşlıq şəraitində yaşamaq istəyirik. Ancaq bir şərtlə ki, bizim torpaqlarımız işğaldan azad olunsun, ərazi bütüövlüyümüz təmin olunsun, qarşılıqlı hörmət görək. Onda biz hər kəsə dost əlimizi uzatmağa hazırıq. Yəni bu, ATƏT-in Minsk qrupunun növbəti fitnəkar, riyakar bəyanatıdır. Buna başqa ad vermək olmaz!"

Bütün xəbərlər Facebook səhifəmizdə