"Azərbaycan dövlətinin ən əsas strateji məqsədi davamlı sosial siyasət vasitəsilə insan kapitalını inkişaf edirməkdir". SİA-nın xəbərinə görə, bunu "ABŞ-Azərbaycan: gələcəyə baxış" Forumu çərçivəsində "Azərbaycanda milli insan kapitalının inkişafı" mövzusunda çıxışı zamanı Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri müavini Sevinc Fətəliyeva deyib.
Onun sözlərinə görə, ölkədə iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafını təmin etmək, əhalinin sosial rifahını yüksəltmək, habelə, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvü bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, eləcə də cəmiyyətin bütün istiqamətlərdə tərəqqisini sürətləndirməklə inkişafın keyfiyyətcə yeni modelini formalaşdırmaq Azərbaycan dövlətinin fəaliyyətində mərkəzi yer tutur.
Millət vəkili qeyd edib ki, bu məqsədlə Azərbaycan dövləti tərəfindən növbəti illərdə həyata keçiriləcək "Azərbaycan-2020:Gələcəyə Baxış" İnkiaşf Konsepsiyası hazırlanıb və bu mükəmməl konsepsiyada heç bir sahə diqqətdən kənarda qalmamış, yoxsulluğun azaldılması, məşğulluğun səviyyəsinin yüksəldilməsi, həssas qrupların sosial müdafiəsi, sahibkarlığın inkişaf etdirilməsi, yüksək keyfiyyətli təhsil sisteminin yaradılması, təbii sərvətlərdən istifadənin azaldılması və digər məsələlər barədə əsaslı inkişaf proqramı ortaya qoyulub.
S. Fətəliyevanın qeyd etdiyinə görə, Azərbaycan 2020-ci ilədək yoxsulluğun aradan qaldırılması üçün qarşıya qoyduğu vəzifələri uğurla yerinə yetirmək imkanına malikdir: "Yeni iş yerlərinin açılması, azad sahibkarlıq fəaliyyətinə dəstək verilməsi və digər mühüm amillər bunu təmin edəcək. Ötən illərdə əldə etdiyimiz nailiyyətlər də bu uğurların reallaşmasına əsas yaradır. Belə ki, son illər ərzində Azərbaycanda işsizliyin və yoxsulluğun azaldılması istiqamətində əsaslı nailiyyətlər əldə edilib. Sosial-iqtisadi siyasətinin əsas məqsədi cəmiyyətin, onun hər bir fərdinin sosial rifahının mütəmadi qaydada yüksəlməsi, insan kapitalının inkişafıdır. Bunun nəticəsidir ki, ölkəmizdə insanların fiziki, mənəvi, sosial tələbatlarının təminatı ildən-ilə yaxşılaşır və bu, beynəlxalq səviyyədə də açıq etiraf olunur. Dünya İqtisadi Forumu da respublikamızda gedən inkişaf proseslərini müsbət dəyərləndirib".
O həmçinin vurğulayıb ki, respublikamız ənənəvi qlobal rəqabətlilik indeksinə görə 140 ölkə arasında 46 yerdə qərarlaşaraq MDB-də liderliyini qorudu: "Ermənistan 73-cü, Gürcüstan 77-ci yerləri tutub. Dinamik inkişaf potensialı ilə Cənubi Qafqaz iqtisadiyyatının 70%-nə sahiblik edən Azərbaycan dünyanın nüfuzlu iqtisadi-maliyyə qurumlarının reytinq cədvəllərində də sürətlə irəliləyərək mövqelərini möhkəmləndirir. Azərbaycan insan potensialının inkişafına görə "orta insan inkişafı" ölkələri qrupundan "yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil olub. Bu, əhali, və o cümlədən, gənclər üçün iqtisadi imkanların yeni səviyyədə yaradılması, hüquq və imkanların genişləndirilməsi, maddı təhlükəsizliyin artması deməkdir. Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır".
Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Ötən dövrdə sosial müdafiə sistemi təkmilləşdirilib, aktiv məşğulluq siyasətinə əsaslanan əmək bazarı formalaşdırılıb, yoxsulluğa qarşı mübarizə uğurla davam etdirilib, ictimai konsensus gücləndirilib. Bunlarla yanaşı, mədəni irsin qorunması, çevik gənclər və idman siyasətinin həyata keçirilməsi, demoqrafiya və miqrasiya məsələlərinin effektiv tənzimlənməsi kimi vacib tədbirlər yeni nəsil üçün yüksək sosial rifah və insan kapitalının inkişafını təmin edib"- deyə, millət vəkili fikirlərinə əlavə edib.
Millət vəkili onu da qeyd edib ki, dövlət və cəmiyyət gənc nəslin inkişafı üçün öhdəliklər götürərək həm onların şəxsi inkişafını, eyni zamanda, Azərbaycanın gələcəyini təmin edir: "Gənclərin sağlamlığı, təhsili, məşğulluğu, sosial müdafiəsi və digər sahələrdə dövlət tərəfindən geniş spektrli tədbirlər həyata keçirilib. Bu diqqətin bariz nümunəsi olaraq fevralın 2-si Azərbaycan gəncləri günü elan edilib. Ən əsas nəticə isə odur ki, müstəqil Azərbaycanda daxili və beynəlxalq çağırışları nəzərə alan yeni nəslin və ölkənin inkişaf maraqlarını təmin etmək məqsədini qoyan, təcrübəyə əsaslanan dövlət gənclər siyasəti formalaşdırılıb. Son illər gənclərin ən böyük təşkilatlanmış kütləsi olan tələbə gənclərlə iş yeni səviyyəyə qaldırılıb, onların ictimai təşəbbüskarlığı və sosial həyatda iştirakı artıb. Həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib".
Millət vəkilinin sözlərinə görə, Azərbaycanda qadın siyasətinə böyük diqqət yetirilir: "Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir: "Respublikada bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan dövlətinin qadınlarla bağlı həyata keçirdiyi siyasət hər cür ayrı-seçkiliyi aradan qaldıraraq qadınların bərabər hüquqlarını və imkanlarını təmin etməyə yönəlib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB