Vüqar Bayramlı: "İlham Əliyevin Sarkisyana sərt cavab verməsi qürurvericidir" Münasibət
"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi vacibdir. Lakin Ermənistan nümayəndə heyətinin daxili məsələlərdə Azərbaycanı və ya Türkiyəni günahladırması regionda "qaydasız diplomatiya oyunundan" xəbər verir". Bunu SİA-ya açıqlamasında Praqa sammitində iştirak edən azərbaycanlı iqtisadçı ekspert Vüqar Bayramlı deyib.
Onun sözlərinə görə, ermənilər nəinki Praqa Sammitində, hətta son aylar təşkil edilən bütün beynəlxalq tədbirlərdə, Gömrük İttifaqına qoşulmaqlarında da Azərbaycanın günahkar olduğunu müxtəlif auidortiyalara çatdırmağa çalışırlar: "Öz ərazisində Rusiya hərbi bazasını saxlayan və daimi olaraq Moskvadan silah yardımı alan rəsmi İrəvan ötən yay Azərbaycanla Rusiya arasındakı ticari anlaşmanı Ermənistanın Gömrük İttifaqına qoşulmasının əsas səbəbi kimi göstərir. Buna nə ad vermək olar? Bu barədə nəsə demək çətindir. Təbii ki, biz bütün görüşlərdə erməni arqumentlərini cavablandırırıq və Qarabağ məsələsində nəinki Rusiyanın aqressiv siyasətini, hətta Qərbin də ikili siyasətindən narahatlığımızı bildiririk".
V. Bayramlı həmçinin qeyd edib ki, sammitdə Ermənistan prezidenti Serj Sarkisyan çıxışını Türkiyənin ittihamına ünvanlanan "qondarma erməni soyqırımı" üzərində qurdu. Halbuki nə Türkiyənin coğrafi baxımdan Şərqi Tərəfdaşlıq Proqramına aidiyyəti, nə də "qondarma soyqırımı" nə zamansa sözügedən proqramın gündəliyində olub. Azərbaycan Prezidenti İlham Əliyevin isə "Türkiyə tədbirə qatılmasa da, mən burdayam" deyərək, Ermənistan dövlət başçısına sərt cavab verməsi nəinki qürurverici, hətta bir neçə gün öncə ermənilərə baş sağlığı verən qardaş ölkə olan Türkiyə üçün də az əhəmiyyətli deyil".
Sammitdə iştirak edən iqtisadçı eskpert Vüqar Bayramlı tədbiri belə qiymətləndirib: "Rusiyanın təzyiqlərinə rəğmən Praqada təşkil edilən sammitdə dövlət başçılarının iştirakı regionda avrointeqrasiya prosesinin alternativsiz olduğunu bir daha təsdiq etdi. Prezident İlham Əliyev Çexiyada bir sıra rəsmi görüşlər keçirib. Bu sammit Şərq Tərəfdaşlığı Proqramına yeni nəfəs verdi. Moskva Çexiya paytaxtında ölkələrin nisbətən aşağı rankda təmsil olunmasına çalışsa da, proqrama üzv olan dövlətlərin əksəriyyəti ən yüksək səviyyədə tədbirə qatıldılar. Sammitdə Şərq Tərəfdaşlığı proqramına üzv olan ölkələrinin əksəriyyətinin dövlət başçıları, eləcə də Avropa Birliyi rəhbərləri, Mərkəzi və Şərqi Avropanın bir sıra dövlətlərinin prezidentlərinin iştirakı tədbirin əhəmiyyətini bir daha göstərmiş oldu. Ukraynada baş verən hadisələr fonunda Avropa Birliyi regiondakı dəyişikliklərə ciddi önəm verir və rəsmi Brüssel bu prosesdə bölgə dövlətlərinə daha yaxından dəstək vermək niyyətindədir. Rusiyanın bölgə ölkələrinə birbaşa və dolayı təzyiqlərinə rəğmən Şərq Tərəfdaşlığı Proqramı strateji əhəmiyyətini qoruyub saxlamaqdadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB