Hatəm Cabbarlı: “Rusiya Qərblə uzlaşma mövqeyindən olduqca uzaqdır”

Hatəm Cabbarlı: “Rusiya Qərblə uzlaşma mövqeyindən olduqca uzaqdır”

"Rusiyanın Krımı ilhaq etməsindən sonra Ukraynanın şərqinə ərazi iddialarını gündəmə gətirməsi, orada yaşayan rus etnik toplumun haqlarının və təhlükəsizliyinin qorunması məsələsini ön plana çıxararaq bu ölkənin şərqində yaşayan toplumu təşkilatlandırmağa, hətta silahlandırmağa cəhd edir. Bunu son bir neçə gün ərzində baş verən hadisələrdə də aydın sezmək olur". Bu fikirləri SİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin Sədri Hatəm Cabbarlı Ukraynada baş verən son hadisələri şərh edərkən deyib.

H.Cabbarlı bildirib ki, Ukrayna hökumətinin ölkənin şərq hissəsində silahlı rus etnik qrupa və onların blokpostuna qarşı hərbi əməliyyatlar keçirməsi fonunda cərəyan edən hadisələrin təhlili ABŞ və Avropanın Rusiyaya qarşı həyata keçirdiyi sanksiyaların ciddi bir nəticə vermədiyini göstərir: "Əgər iddia edildiyi kimi tətbiq edilən sanksiyalar bir nəticə versəydi, Rusiya daha təmkinli siyasət həyata keçirər, Qərb və ABŞ-la uzlaşma mövqeyindən çıxış edərdi. Təəssüflər olsun ki, bu günə qədər Rusiya bu uzlaşmadan uzaqdır və hər gün iddiaları daha da artır. Hətta Rusiya prezidenti Vladimir Putin Qərbi təhdid edərək ordu gücündən istifadə edə biləcəyini eyham etməsi də diqqətdən qaçmamalıdır. Bu baxımdan problemin həlli istiqamətində tərəflər arasındakı görüşlərdə ciddi fikir ayrılıqlarının yaşandığı hiss olunur. Bu fikir ayrılığının hansı məsələlərdə olduğu açıqlanmasa da, Qərblə Rusiya arasında yaşanan problemin davam etmə ehtimalı olduqca yüksəkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə