Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Rusiya Federasiyasının Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
SİA-nın xəbərinə görə, Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin, o cümlədən ölkəmiz ilə Rusiyanın ayrı-ayrı subyektləri arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. Dövlətimizin başçısı Rusiya Federasiyasının Ulyanovsk vilayətinə səfərini məmnunluqla xatırlayıb.
Ölkəmiz ilə Rusiya Federasiyası və onun subyektləri arasında müxtəlif istiqamətlərdə, o cümlədən investisiya, birgə istehsal və digər sahələrdə fəal əməkdaşlığın mövcud olduğunu deyən Prezident İlham Əliyev bu əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Dövlətimizin başçısı əməkdaşlığımızın yeni sahələrinin müəyyənləşdirilməsi baxımından Bakıda keçirilən Rusiya-Azərbaycan biznes forumunun önəmini qeyd edib. Prezident İlham Əliyev Rusiya Federasiyasının Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozovun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirib.
Böyük nümayəndə heyəti ilə ölkəmizə səfər etdiyini vurğulayan Sergey Morozov əməkdaşlığımızın müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Sergey Morozov Azərbaycan ilə iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün Ulyanovsk vilayətində həyata keçirilən işlər və layihələrdən danışdı, əməkdaşlığımızın bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB