Zahid Oruc: “Ərdoğanın qələbəsi türklərlə yanaşı, azərbaycanlıları da sevindirir”

Zahid Oruc: “Ərdoğanın qələbəsi türklərlə yanaşı, azərbaycanlıları da sevindirir”

Parlamentin bugünkü iclasında millət vəkili Zahid Oruc Türkiyədə keçirilən bələdiyyə seçkilərinin Azərbaycanda da kifayət qədər təsirli olduğunu deyib. SİA-nın xəbərinə görə, millət vəkili bildirib ki, baş nazir Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dönəmində 8-ci seçkilərin qalibi kimi Türkiyə xalqının etibarını qazanması qardaş ölkənin növbəti uğurudur.

O qeyd edib ki, bu ilki bələdiyyə seçkilərində Ərdoğanın yenidən seçilməsi türklərlə yanaşı, Azərbaycan xalqını da sevindirir: "Bəli, biz Türkiyənin daxili işlərinə qarışmırıq. Hər hansı bir siyasi bölümün qalibiyyəti bizim tərəfimizdən qəbul olunacaqdı. Ancaq Ərdoğanın hakimiyyəti dövründə Azərbaycan -Türkiyə münasibətləri iki türk dövlətinin liderinin sayəsində irəliyə doğru gedib. Ərdoğanın Azərbaycana səfəri mühüm dövrə təsadüf olunur. Türkiyə Azərbaycanın müxtəlif təhlükəsizlik məsələsində iştirak edir. Əminəm ki, zamanında Naxçıvan məsələsi ilə bağlı Qars müqaviləsində Azərbaycanın ərazi bütövlüyündə mühüm yer alan Türkiyə qarşıdakı dönəmdə Qarabağ məsələsi üçün də Qars müqaviləsinə bənzər müqavilə ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında iştirak edəcək. 2014-cü ildə imzalanan strateji tərəfdaşlıq sazişi buna imkan verir. Hər iki ölkənin kifayət qədər imkanı var ki, münasibətlərini hərbi müttəfiqlik səviyyəsində tamamlasınlar. Hesab edirəm ki, bu səfər iki ölkə arasındakı əlaqələri daha da gücləndirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə