Vüqar Rəhimzadə: "Soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması öz bəhrəsini verməkdədir" Münasibət
"31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə bağlı istər yazılı, istərsə də elektron mətbuatda sistemli şəkildə yazılar dərc edilir. Təbii ki, bununla kifayətlənmək olmaz. Düşünürəm ki, mətbuat nümayəndələri bu sahədə aktivliyini daha da artırmalıdır". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə soyqırımı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mətbuatın rolundan danışarkən deyib.
Onun sözlərinə görə, 31 mart soyqırımı ilə bağlı tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqda yüksək fəallıq nümayiş etdirmək lazımdır: "Bu tək media nümayəndələrinin deyil, eləcə də hər bir vətəndaşın borcudur. İstər Xocalı faciəsi, istər 31 mart azərbaycanlıların soyqırımı günü, istərsə də 20 Yanvar faciəsi ilə bağlı tarixi faktları dünya ictimaiyyətinə çatdırılmasında daha da fəal olmaq lazımdır. Dünyanın beynəlxalq təşkilatlarına, eləcə də regionun aparıcı ölkələrinə bununla bağlı həm elektron, həm də yazılı mətbuatda sistemli şəkildə və davamlı işlər aparılmalıdır. Həmin zaman baş verən bu hadisələr Azərbaycan xalqına qarşı soyqırımı planıdır və bu planın mahiyyətini ardıcıl olaraq cəmiyyətimizə çatdırmalıyıq. Məqsədimiz isə məhz erməni xislətinin mahiyyəti açıb dünyaya göstərmək və onların məkrli planlarının qarşısını almaq olmalıdır".
Hakim partiyanın Siyasi Şurasının üzvü onu da qeyd edib ki, Azərbaycan xalqına qarşı yeridilən soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimaiyyətinə çatdırılmağa başlanılıb: "Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə də böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilən soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi hər zaman davam etdirilir. İnanıram ki, bu, davamlı xarakter alaraq erməni xislətinin, erməni vəhşiliyinin, torpaqlarımıza təcavüzün dünyada daha da tanıdılmasına xidmət edəcək".
"Son illər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində aparılan işlər ciddi nəticələr verməkdədir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizin haqq səsinin beynəlxalq müstəvidə eşidilməsi, Ermənistanın işğalçılıq siyasətinin dünya ictimaiyyətinə çatdırılması işində öz bəhrələrini verməkdədir. Dövlətimizin bu yöndəki siyasəti, bir sıra QHT-lərimizin çoxşaxəli fəaliyyəti Ermənistanı küncə sıxışdırıb. Misal olaraq, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun həyata keçirdiyi fərdi yazı müsabiqələrində də məhz bu mövzulara toxunulur. Bununla da media nümayəndələrinin yazılarının vasitəsi ilə tarixi həqiqətlər bir daha ictimaiyyətin diqqətinə çatdırılır"- deyə, YAP rəsmisi fikirlərinə əlavə edib.
Vüqar Rəhimzadə həmçinin Qubada yaradılan "Soyqırımı memorial kompleksi"nin erməni xislətini təsdiq etmək baxımından beynəlxalq birlik üçün yetərli olduğunu deyib: "Həmin kompleks ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımların beynəlxalq birliyə nümayiş etdirmək üçün xüsusi əhəmiyyətə malikdir. Həmçinin, həmin kompleksdə Quba, Göyçay, Şamaxı və Bakı qəzaları barədə məlumatların və bu qəzalarda ermənilərin törətdikləri vəhşiliklər haqqında dolğun məlumatlar var. Bilirsiniz ki, ölkəmizə gələn xarici qonaqlar da Quba məzarlığını ziyarət edir. Bu isə əsil həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından vacib məsələdir. Ümumiyyətlə, Quba məzarlığı erməni vəhşiliyini, insanlığa qarşı cinayətləri əks etdirən əyani faktdır. Bu gün Azərbaycan dövləti daha da güclənir və görülən bütün bu işlər əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB