"613 nəfərin ruhu Günel Mövludu narahat etmirsə, onun kimliyi bəllidir" Münasibət

"613 nəfərin ruhu Günel Mövludu narahat etmirsə, onun kimliyi bəllidir" Münasibət

"Yazıçı bir xanımın dəfələrlə nümayiş etdirdiyi anti-azərbaycan hərəkətləri təəssüfdən çox təəccüb hissi doğurur". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə Günel Mövludun ermənilərdən üzr istəməsinə münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, o, bu hərəkəti ilə növbəti satqınlığını həyata keçirmiş oldu: "Çünki bu addımın satqınlıqdan başqa bir adı yoxdur. Eyni zamanda o, Azərbaycanda olanda da özünün qeyri-adi baxışları, adekvat olmayan prinsipləri ilə vaxtaşırı cəmiyyəti təəccübləndirə bilirdi. Hesab edirəm ki, Qarabağlı ola-ola ermənilər qarşısında diz çökmək mənəviyyatın aşağılanması deməkdir. Görünür, o, Avropada kök salmağın asan yolu kimi bundan istifadə edir".

"Xatırlayıram ki, o yazılarının birində qeyd etmişdi ki, anası Dağlıq Qarabağ işğaldan azad edilsə, ayaq-yalın Qarabağa qədər qaçacağını demişdi. İndi isə onun anasını öz yurd-yuvalarından qovan ermənilərdən üzr istəyir. Bundan sonra o, düşmən qarşısında təslim olan, eləcə də tariximizi, mədəniyyətimizi düşmən ayağı altına atan obraz kimi yaddaşlarda qalacaq. Əgər bu gün Xocalıda ermənilərin vəhşicəsinə qətlə yetirdiyi 613 nəfərin ruhu Günel Mövludu narahat etmirsə, onun hansı səpgidə olduğunu təxmin etmək elə də çətin deyil", - deyə millət vəkili məsələ ilə bağlı fikirlərinə əlavə edib.

Qeyd edək ki, Günel Mövlud "hörmətli erməni xalqı" başlığı ilə ermənilərə məktub yazıb. Məktubda ilk öncə özünün də Cəbrayıl rayonundan qaçqın düşdüyünü diqqətə çatdıran G.Mövlud daha sonra ənənəvi mövqeyinə sadiq qalaraq Azərbaycan hakimiyyətinin ünvanına şər-böhtanlar səsləndirib. Məktubda həmçinin o, qarabağlı ermənilərin öz xalqının başına gətirdiyi oyunlara görə ermənilərdən qarabağlı kimi üzr də istəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə