Vüqar Rəhimzadə: “Hər kəs bu faciəni pisləməli və lənətləməlidir” AÇIQLAMA

Vüqar Rəhimzadə: “Hər kəs bu faciəni pisləməli və lənətləməlidir” AÇIQLAMA

"Xocalı təkcə faciə deyil, eyni zamanda soyqırımıdır. Sözün həqiqi mənasında Xocalı soyqırımı azərbaycanlıların başına gətirilən ən böyük və dəhşətli faciələrdən biridir. Hesab edirəm ki, bu soyqırımı tək azərbaycanlılara qarşı deyil, eləcə də dünyanın sülhsevər, tərəqqipərvər bəşəriyyətinə qarşı törədilən cinayətdir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Vüqar Rəhimzadənin sözlərinə görə, fevralın 26-da Ermənistan Silahlı Qüvvələri keçmiş Sovet ordusuna məxsus 366-cı motoatıcı alayı ilə birlikdə günahsız insanları - uşaq, qoca, qadın demədən Azərbaycanlıların başına olmazın müsibətləri gətirdilər və bununla da planlaşdırılmış cinayətlərini həyata keçirdilər: "Düşünürəm ki, dünya bu siyasətə qarşı birmənalı şəkildə öz mövqeyini və münasibətini bildirməlidir. Artıq bu gün dünyanın bir çox ölkələri Xocalı faciəsini soyqırımı kimi öz parlametlərində müzakirəyə çıxarır və müəyyən sənədlər qəbul edirlər. Hesab edirəm ki, bu, Azərbaycanın apardığı ən uğurlu siyasətlərdən biridir. Amma çox təəssüf ki, dünyanın bir çox beynəlxalq təşkilatları bu növ faciələrə, soyıqırımılara qarşı ikili münasibət göstərirlər".

YAP Siyasi Şurasının üzvü hesab edir ki, bu gün Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bütün dövlət qurumları, QHT və media bir sıra uğurlu işlər həyata keçirir: "Təbii ki, bununla bağlı davamlı işlər həyata keçirilir. Xüsusilə mən burada Heydər Əliyevin Fondunun fəaliyyətini qeyd etmək istərdim. Heydər Əliyevin Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bu sahəyə aid kitabların nəşr olunması, video-çarxların hazırlanaraq dünya ictimaiyyətinə çatdırılması və s. mühüm amillərdən biridir. Eyni zamanda Heydər Əliyevin Fondunun vitse-prezidenti Leyla Əliyevanın başladığı "Xocalıya Ədalət" kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində davamlı olaraq nümayişlər, piketlər keçirilir. Hər bir Azərbaycan vətəndaşı, insanı bu faciəni və dəhşəti özündə yaşayır. Hesab edirəm ki, hər bir sülhü sevən tərəqqipərvər insan bu faciəni pisləməli və lənətləməlidir. Düşünürəm və buna heç bir şübhəm yoxdur ki, bu faciəni törədənlər zamanla beynəlxalq məhkəmə qarşısında cavab verəcəklər".

Qeyd edək ki, bu il fevralın 26-da Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımdan 22 il ötəcək. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib. Soyqırımı aktı nəticəsində 613 Xocalı sakini qətlə yetirilib, 487 nəfər, o cümlədən 76 uşaq yaralanıb, 1275 nəfər əsir götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə