Fuad Babayev: “Sərəncam “Xocalıya Ədalət” kampaniyasına böyük təkan verəcək” AÇIQLAMA

Fuad Babayev: “Sərəncam “Xocalıya Ədalət” kampaniyasına böyük təkan verəcək” AÇIQLAMA

"Ölkə başçısının verdiyi sərəncamın əsas məqsədi "Xocalıya Ədalət" kampaniyasının fəaliyyət əhatəsini genişləndirmək, faciəyə hüquqi, siyasi, mənəvi qiymətin verilməsinə nail olmaqdan ibarətdir. Sərəncam bu kampaniyanın genişləndirilməsinə böyük təkan verəcək". Bu sözləri SİA-ya gənclər və idman nazirliyinin sektor müdiri Fuad Babayev açıqlamasında deyib.

O bildirib ki, sözügedən sərəncam ölkə başçısı tərəfindən Xocalı faciəsi ilə bağlı əlavə tədbirlərin keçirilməsi məqsədilə verilən ilk sərəncamdır.

Onun sözlərinə görə, sərəncam vasitəsilə 30-dan çox ölkəyə məlumatların çatdırılması nəzərdə tutulur: "Belə ki, sərəncam əsasında faciənin dünya ölkələri arasında daha çox tanıdılması, yeni-yeni ölkələrə çıxarılması, 20-dən artıq ölkədə yerləşən kampaniyanın koordinatorlarına dəstək verilməsi nəzərdə tutulub. Ən əsası isə, məlumdur ki, 2015-ci ildə ermənilər qondarma "erməni soyqırımı"nın 100 illiyinin qeyd edilməsi istiqamətində fəaliyyət həyata keçirmək niyyətindədirlər. Biz də "Xocalıya Ədalət" kampaniyası çərçivəsində ermənilərin apardığı təbliğata qarşı bir vasitə də ortaya qoyacaq, onların təbliğatını minimuma endirərək, neytrallaşdırmağa çalışacağıq. Təbii ki, bütün bu işlər tək nazirlik tərəfindən deyil, bütün gənclər və gənclər təşkilatlarının birgə fəaliyyəti nəticəsində həyata keçiriləcək. Düşünürəm ki, bu prosesdə hər kəs iştirak edəcək. Təbii ki, biz də GİN olaraq bu işlərə öz töhfəmizi verəcəyik. Bilirsiniz ki, "Xocalıya Ədalət" kampaniyası 5 ilə yaxındır ki, beynəlxalq səviyyədə həyata keçirilir. Kampaniyaya 2008-ci ildə Leyla Əliyevanın təşəbbüsü ilə start verilib. Kampaniya çərçivəsində bir sıra işlər aparılıb. Belə ki, faciə ilə bağlı 50-yə yaxın ölkədə tədbirlər həyata keçirilib, beynəlxalq kitabxanalar şəbəkəsində müxtəlif sənədlər və kitablar yerləşdirilib, müxtəlif sərgilər təşkil olunub, eyni zamanda dünya ölkələrinin liderlərinə petisiya hazırlanıb ki, 140 ölkədən təxminən 250 mindən artıq insan onu imzalayıb. Faciənin dünyada tanıdılması istiqamətində kampaniya yaxından iştirak edib. Meksika, Pakistan, Bosniya-Hersoqavina, Kolumbiya Parlamentində faciə ilə bağlı sənədlər qəbul edilib".

Nazirlik tərəfindən faciənin ildönümü ərəfəsində həyata keçiriləcək tədbirlərdən danışan F.Babayev söyləyib ki, qurumun əsas seqmenti faciəni təkcə ildönümü ərəfəsində deyil, hər zaman təbliğ etməkdir.

Onun sözlərinə görə, təbii ki hər il olduğu kimi bu ildə faciə ərəfəsində həm ölkədə həm də ölkədən kənar tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur: "Gənclər və İdman Nazirliyinin əsas fəaliyyət seqmentlərindən biri keçirdiyi beynəlxalq tədbirlərdə Azərbaycan tarixində baş verən hadisələri, həmçinin də Xocalı faciəsi ilə bağlı təbliğat aparmaqdır. Hər zaman olduğu kimi bu il də Xocalı faciəsi ilə bağlı ölkə daxilində tədbirlərin keçirilməsi nəzərdə tutulur. Xocalı faciəsinin təbliğ edilməsi gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi üçün çox vacibdir. Gənclər bu hadisələrin kimlər tərəfindən həyata keçirildiyini bilməlidir. Nazirliyin dəstəyi ilə Qarabağ İKT Mərkəzi fəaliyyət göstərir ki, bu ərəfədə mərkəzdə müxtəlif müsabiqə, sərgilər təşkil olunacaq, onun vasitəsilə məlumatlar dünya ictimaiyyətinə çatdırılacaq. Bundan əlavə, Mərkəzin saytı da fəaliyyət göstərir ki, həmin saytda faciə ilə bağlı müxtəlif məlumatlar yerləşdirilib. Bundan əlavə hər il 26 fevral ərəfəsində Azərbaycan təşkilatları beynəlxalq təşkilatlara e-maillər ünvanlayırlar. Bu e-meillərda faciə ilə bağlı faktlar əsasında məlumatlar yer alır. Bundan əlavə xarici ölkələrdə gənclərimiz tərəfindən müxtəlif aksiyalar həyata keçirilir. Bu faciə hər bir azərbaycanlı üçün çox ağır faciədir və onun təbliği hər birimiz üçün çox vacibdir".

Qeyd edək ki, ölkə başçısı beynəlxalq səviyyədə keçirilən "Xocalıya ədalət" kampaniyasının əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1,0 (bir) milyon manat ayrılması ilə bağlı Sərəncam imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə