“İstiqlaliyyət Abidəsi” önündə mərasim keçirilib

“İstiqlaliyyət Abidəsi” önündə mərasim keçirilib

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılan "İstiqlaliyyət Abidəsinin" önündə Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar mərasim təşkil olunub. SİA-nın xəbərinə görə, mərasimə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə, Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak ediblər.

Əvvəlcə mərasim iştirakçıları "İstiqlaliyyət Abidəsinin" önünə əklil və gül dəstələri qoyublar.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq böyük ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ölkəmizdə və ondan kənarda böyük coşğu ilə qeyd olunur: "Bu gün biz "İstiqlaliyyət Abidəsinin" qarşısına toplaşaraq Məhəmməd Əmin Rəsulzadəyə öz hörmətimizi, ehtiramımızı ifadə edirik. Çünki Məhəmməd Əmin Rəsulzadə elə bir şəxsiyyət olub ki, həmişə Azərbaycanın müstəqilliyi, azadlığı, istiqlaliyyəti haqqında düşünüb. Böyük ictimai-siyasi xadim hələ gənc yaşlarından bunu arzulayıb və bu amal uğrunda fəaliyyət göstərib. Biz bu gün fəxr edirik ki, Azərbaycan Respublikası o ölkədir ki, şərqdə ilk parlamenti yaradıb, qadınlara seçmək və seçilmək hüququnu tanıyıb. Bütün bunlar 23 ay mövcud olan Azərbaycan Demokratik Respublikasının fəaliyyəti dövründə olub. Ona görə də biz keçmişimizə fərəhlə baxırıq".

Daha sonra çıxış edən AMEA prezidenti Akif Əlizadə deyib ki, bu gün Məhəmməd Əmin Rəsulzadə irsinin toplanması, tədqiqi, nəşri və təbliği sahəsində geniş iş aparılır: "Aparılan elmi tədqiqat işləri Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarının öyrənilməsinə, o cümlədən Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan cəmiyyətinə, yeni nəsillərə parlaq şəkildə çatdırılmasına xidmət edir".

MŞ-nın sədri Əflatun Amaşov bildirib ki, Məhəmməd Əmin Rəsulzadə Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi ən böyük dühalardan biridir: "Məhəmməd Əmin Rəsulzadə böyük dövlət xadimi, siyasətçi, ictimai-siyasi xadim, əbdəbiyyatşünas və tarixçi olub. Ancaq biz jurnalistlər Məhəmməd Əmin Rəsulzadəni böyük jurnalist kimi dəyərləndiririk və onun yazdıqlarından bəhrələnirik. Azərbaycan Xalq Cəbhəsinin yaranmasına qədər Məhəmməd Əmin Rəsulzadənin 30-a yaxın qəzetdə 1200-dən çox məqaləsi çıxıb".

Mərasim digər iştirakçıların çıxışları ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə