Elman Abdullayev: “XİN başçılarının görüşünün əsas motivi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası idi”

Elman Abdullayev: “XİN başçılarının görüşünün əsas motivi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası idi”

Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov 23 - 24 yanvar tarixlərində Parisdə, Kiyev görüşünün davamı olaraq, ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan XİN başçısı Edvard Nalbandyan ilə ayrı-ayrılıqda görüşlər keçirib. Bu haqda Xarici İşlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev SİA-ya açıqlamasında Azərbaycan və ermənistan XİN başçılarının Paris görüşlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, danışıqlar zamanı Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məzmunlu (substantiv), konkret və intensiv müzakirələr aparılıb: "Azərbaycanın mövqeyini konkret şəkildə vurğulayan Nazir Elmar Məmmədyarov bildirmişdir ki, Ermənistanın silahlı qüvvələri nə qədər tez Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılarsa, bir o qədər qısa müddət ərzində də münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə nail olmaq olar".

Elman Abdullayev açıqlamasında bildirilib ki, görüş zamanı bir sıra substantiv məsələlərlə bağlı həmsədrlərlə müzakirələrin davam etdirilməsi barəsində razılıq əldə edilib: "Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqların əsasını təşkil edir".

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə