Aydın Mirzəzadə: “Ermənistanın apardığı siyasət onları ağır duruma salıb” MÜSAHİBƏ

Aydın Mirzəzadə: “Ermənistanın apardığı siyasət onları ağır duruma salıb” MÜSAHİBƏ

YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadənin SİA-ya müsahibəsi:

- Aydın müəllim, Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərində müəyyən passivlik hiss edilirdisə, ötən ilin sonlarında bu görüşlər xarici işlər nazirləri və dövlət başçıları səviyyəsində intensivləşdi. Sizcə, bu il münaqişənin həlli istiqamətində hansı yeniliklər ola bilər?

- Təqribən iki ilə qədər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda bir fasilə vardı. Bu da Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyindən, işğal etdiyi torpaqlarımızla bağlı aqresiv siyasətindən qaynaqlanırdı. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin ötən ilin axırlarına yaxın təşəbbüsləri ilə hər iki ölkənin prezidentlərinin görüşü keçirildi. Daha sonra xarici işlər nazirləri görüşərək problemin həllində müəyyən detalları müzakirə etdilər.

Xarici işlər nazirlərinin vaxtaşırı görüşləri münaqişənin həllində az da olsa müəyyən nəticələrə gəlməyin mümkünlüyünü göstərir. Prinsipcə uzun müddətli fasilədən sonra danışıqları bərpa etmək mümkün olub. Bu gün Azərbaycan problemin həllində maraqlıdır. Problemin həllinin hansı yolla olmasının bizim üçün əhəmiyyəti yoxdur. Danışıqlar burada variantlardan biridir. Digər tərəfdən, Azərbaycan danışıqlar aparmağın xatirinə danışıqlara getməyin əlehinədir. Bu baxımdan fasilə olan iki il ərzində dəfələrlə görüşlərin formal da olsa keçirilməsi təkilifini Azərbaycan rədd etmişdi. Ancaq danışıqların keçirilməsinə Ermənistan həddən artıq maraqlıdır. Çünki onların apardığı siyasət Ermənistanı ağır bir duruma salıb. Ermənistan əhalisi durmadan ölkəni tərk edir. Onlar Azərbaycanla silahlaşmada heç cür ayaqlaşa bilmirlər. Ona görə də yaranan ağır iqtisadi-sosial vəziyyətdən çıxış yolunu ancaq Dağlıq Qarabağ probleminin həllində görürlər. Əgər danışıqlarda nəticələr əldə olunmasa Ermənistan hələ uzun müddət Dağlıq Qarabağ yükünün altında qalmalı olacaq. Ümid edirik ki, danışıqlar intensiv sürətdə ardıcıllıqla gedəcək.

- Qeyd etdiniz ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlarda Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edir. Onların bu qeyri-müəyyən mövqeyi nə ilə bağlıdır?

- Ermənilərin tarixən dövləti olmayıb. XX əsrdə sadəcə tarixi təsadüf nəticəsində keçmiş Rusiya imperiyası parçalanarkən suni surətdə Ermənistan respublikası adında bir dövlət yaradıldı. Dövlətçilik ənənələrinin Ermənistan cəmiyyətinin genində olmamağının, onların müstəqil dövlət qurmaqdan çox digər dövlətlərin torpaqlarına iddiası və bu milliyətçiliyin əvvəl SSR rəhbərliyinin daha sonra isə bəzi xarici dairələr tərəfindən dəstəklənməsi onların bütün enerjilərinin torpaq işğalına yönəltməsinə səbəb oldu. Ancaq tarix sübut edir ki, başqa dövlətlərin torpaqlarını işğal etməklə, beynəlxalq hüquq normalarına etinasızlıq etməklə heç bir halda sivil, inkişaf edən dövlət qurmaq mümkün deyil.

Eyni zamanda, erməni diaspora təşkilatlarının da 20 illik acı təcrübəsi Ermənistan üçün ağır nəticələrlə səbəb olacağını göstərir. Diaspor təşkilatları tərəfindən ayrı-ayrı xeyriyyə marafonlarından yığılan 10-20 milyon dollar 2 milyon əhalisi olan Ermənistanın heç bir problemini həll edə bilməz. Normal iqtisadiyyat qurmaq üçün qonşu dövlətlərlə qonşuluq münasibətləri yaratmaq, ticarət layihələri həyata keçirmək lazımdır. Ermənistanın əvvəl güvəndiyi dəstələr artıq həmin dəstəyi ona verə bilmirlər. Hazırda onlara beynəlxalq təşkilatlardan olan dəstək zəifləməkdədir. Onların indiki rəhbərləri Qarabağ dalğasında hakimiyyətə gəldiyindən radikal sürətdə siyasətini dəyişə bilmir. Bu baxımdan, Ermənistanın apardığı siyasətin dəyişilməsində ilk növbədə onların özü tərəfindən dəyişdirilməsinə ehtiyac var.

- Soçi qış Olimpiya oyunlarının açılışı zamanı Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi mümkündürmü?

- Nəzərə alsaq ki, iki dövlətin xarici işlər nazirləri dekabr ayında görüş keçiriblər və yanvar ayında da onların yenidən görüşləri nəzərdə tutulur, o zaman, demək olar ki, Prezidentlərin Soçidə görüşləri mümkün ola bilər. Azərbaycan bütün mövqelərdən torpaqlarını işğaldan azad etmək siyasətini aparır və bu siyasət Ermənistan üçün ağır nəticələrə səbəb ola bilər.

- Yanvarın 13-14-də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və İsveçrənin xarici işlər nazirinin Almaniyanın Bern şəhərində görüşü keçirilib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinin müzakirə olunduğu da bildirilir. Sözügedən görüşdən Dağlıq qarabağ münaqişəsinin həlli istiqamətində hansı müsbət irəliləyişlər gözlənilir?

- ATƏT-in Minsk Qrupunun həmsədrlərinin intensiv fəaliyyəti hər zaman alqışlanmalıdır. Hazırladıqları müəyyən təkliflər dünyanın aparıcı dövlətlərinin müzakirəsinə verilə bilər. Buna görə də həmsədrlərin keçirdikləri bütün görüşlər beynəlxalq təşkilatlar tərəfindən diqqətin artırılmasına səbəb ola bilər. Dağlıq Qarabağ məsələsi çox az məsələlərdəndir ki, onun həlli ilə bağlı beynəlxalq həll mexanizmi mövcuddur. Bu həll mexanizmində artıq Azərbaycan və Ermənistanla yanaşı ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlər - ABŞ, Fransa, Rusiya da məsuliyyət daşıyırlar. Böyük dövlətlərin Dağlıq Qarabağla bağlı müzakirələrinin vaxtaşırı şahidi oluruq. Göründüyü kimi, Azərbaycanın apardığı düzgün siyasət nəticəsində Dağlıq Qarabağ problemini beynəlxalq siyasətin gündəliyinə salmaq mümkün olub.

İntizarə MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə