Elman Abdullayev: “Ermənistan tərəfi güclər nisbətini dərk etməlidir” AÇIQLAMA
"Hesab edirəm ki, Ermənistan tərəfi güclər nisbətini dərk etməlidir. İşğalçı ölkə bilməlidir ki, artıq Azərbaycan regionda tamamilə fərqli formada və gücdədir". Bunu SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası zamanı dövlət başçısının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söylədiklərinə münasibət bildirərkən deyib.
"Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi ölkəmizin Dövlət büdcəsi Ermənistandan 10 dəfə böyükdür. Bununla belə ümumi daxili məhsul (ÜDM) 8, əhalinin sayı isə 6 dəfə artıqdır. Təbii ki, bu onu göstərir ki, Ermənistan mövcud vəziyyətlə barışmalıdır və güclər nisbəti bilinməlidir. İkinci məqam isə odur ki, rəsmi Bakı dəfələrlə işğalçı ölkəyə, beynəlxalq ictimaiyyətə, eləcə də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə mesaj verib ki, əgər danışıqlar prosesində Ermənistan tərəfi konstruktiv mövqe nümayiş etdirərsə, o zaman işğalçı ölkə bu regionun inkişafının bir parçası ola bilər. Təbii ki, Azərbaycan da bunun üçün qarşı tərəfə öz imkanlarını təklif edib. Lakin göründüyü kimi Ermənistan bu günədək qeyri-konstruktiv mövqe nümayiş etdirir. Hesab edirəm ki, işğalçı ölkənin rəhbərliyi çox ciddi şəkildə öz xalqının gələcəyi haqqında düşünməlidir. Cənab Prezident də bildirib ki, əgər qarşı tərəf münaqişənin həlli istiqamətində konstruk mövqe nümayiş etdirərsə, bu zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə oluna bilər. Bu gün Azərbaycan beynəlxalq arenada müstəqil, öz sözünü və qərarlarını verə bilən ölkə olduğuna görə hörmət edirlər. Məhz bu mənada hesab edirəm ki, Ermənistan tərəfi bütün bunlar və gələcəyi haqqında ciddi düşünməlidir" – deyə, XİN sözüçüsü bildirib.
Elman Abdullayev 2014-cü ildə Azərbaycanın diplomatik fəaliyyətinin genişləndirilməsi haqqında da danışıb: "Ölkəmizin hər il diplomatik fəaliyyəti genişlənir və xaricdəki diplomatik nümayəndəliklərinin sayı artır: "Təbii ki, bu ölkəmizin xarici siyasətində önəmli istiqamətdir. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi rəsmi Bakının məqsədi ikitərəfli münasibətləri genişləndirmək, səfirliklərimizin və diplomatik nümayəndəliklərimizin sayını artırmaqdır. Beləcə hər il olduğu kimi bu il də XİN-in diplomatik nümayəndəliklərinin genişləndirilməsi nəzərdə tutulur. Azərbaycanın beynəlxalq arenada nüfuzunun güclənməsi və beynəlxalq təşkilatlarda fəaliyyət dairəsinin genişlənməsi bizim ikitərəfli münasibətlərimizin güclənməsinə əsaslanır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB