Mübariz Qurbanlı: “Bizim hakimiyyət pərdəarxası danışıqlar aparmır”

Mübariz Qurbanlı: “Bizim hakimiyyət pərdəarxası danışıqlar aparmır”

"Azərbaycanda seçkilərdə mandat Azərbaycan xalqının dəstəyi ilə, seçicilər tərəfindən verilən səslər hesabına alınır". SİA-nın xəbərinə görə, bunu gün.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bu günlərdə "Milli Şura"nı tərk edən Müsavat Partiyasının qarşıdan gələn 2015-ci il parlament seçkilərində bir neçə deputat yeri əldə etmək üçün bu addımı atması, yəni, hakimiyyətlə "mandat anlaşması"na getməsi yönündə adıçəkilən qurumun, xüsusilə, AXCP təmsilçilərinin səsləndirdikləri ittihamlara münasibətini bildirərkən dilə gətirib.

YAP rəsmisinin dediyinə görə, bu ittihamları irəli sürənlər özləri parlament seçkiləri ilə bağlı bədgüman fikirlər səsləndirənlərdir. M.Qurbanlı eyni zamanda deyib ki, o, Müsavat Partiyasının hakimiyyətlə danışıqlar aparır, aparmır və sair mövzusuna da hər hansısa bir şərh verə bilməyəcək: "Mən bu cür danışıqların olduğu, yaxud, olmadığı barədə fikir söyləyə bilmərəm və hesab edirəm ki, şəxsən bu gün nə Yeni Azərbaycan Partiyasının, nə də hakimiyyətin hansısa siyasi partiyalarla pərdəarxası danışıqlar aparmağa nə ehtiyacı, nə vaxtı, nə də həvəsi var. Çünki danışıqları hansısa siyasi gücü, hansısa təsir dairəsi olan qrupla, partiya ilə kimsə apara bilər, o da əgər aparırsa. Gücü, təsir dairəsi olmayan hansısa qrupla, hansısa bir təşkilatla niyə danışıqlar aparılmalıdır? Bizim hakimiyyət, Yeni Azərbaycan Partiyası ümumiyyətlə, pərdəarxası danışıqlar aparmaqla məşğul olmur, belə bir taktikamız da yoxdur. Bizim partiyanın da fəaliyyəti şəffafdır, açıqdır. Hakimiyyətin də fəaliyyəti şəffaf və açıq olduğuna görə hansısa siyasi təşkilatla pərdəarxası danışıqlar aparmağa zərurət olmur və olmamalıdır. Kim siyasətlə məşğul olur, siyasi prosesdə iştirak edir, seçkilərə qatılır, bu onun öz işidir. Kim seçkilərə qatılacaq və seçki prosesində seçicilərin dəstəyini qazana biləcəksə, o da parlamentdə yer alacaq. Yox, kimsə dəstək qazana bilməyəcəksə, daha bunu hakimiyyət kiməsə tabaqda verəsi deyil və bu taktika da Azərbaycanda yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə