Latviya Seyminin deputatı: “Ermənistanın sosial müdafiə sistemi çox zəifdir” EKSKLÜZİV

Latviya Seyminin deputatı: “Ermənistanın sosial müdafiə sistemi çox zəifdir” EKSKLÜZİV

"Ermənistandakı tipik iqtisadi böhran bir çox dövlətlərdə müşahidə edilsə də ortada fərq də mövcuddur". Bu sözləri SİA-ya eksklüziv açıqlamasında Latviya Seyminin deputatı Boris Tsilaviç ermənilərin Ermənistanı kütləvi halda tərk etmələri ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bir çox dövlətlərdə işsizlik problemi, aşağı əmək haqqı, yaşayış səviyyəsinin olduqca zəif olması kimi faktorlara rast gəlinir: "Lakin fərq ondan ibarətdir ki, həmin dövlətlər müxtəlif vasitələrlə iqtisadi böhranı dəf edə bildilər. Çünki manevr etmək üçün şansları var idi. Ermənistanda isə vəziyyət daha ağırdır və bu ölkədəki böhranlı vəziyyət hökumətə manevr etmək şansını vermədi".

Latviyalı deputatın sözlərinə görə, Ermənistanın sosial müdafiə sistemi çox zəifdir: "Misal üçün bir çox Afrika ölkələri üçün xarici investorlar tərəfindən yatırılan maliyyə dəstəyi yeganə gəlir mənbəyidir. Avropada və Avropa Birliyinə daxil olmuş yeni dövlətlərdə Ermənistandan çıxan insanların işləmələrini müşahidə etmək olar. Ermənistanla yanaşı, miqrantlar arasında Moldova və Gürcüstan vətəndaşlarını da görmək mümkündür. Ermənistanı kütləvi şəkildə tərk edən miqrantlar iqtisadi miqrantlardır. Müvəqqəti miqrantlar isə Avropada daha azdır.

Onlar da əsasən Rusiyadan və Belarusdan olanlardır. Erməni miqrantlar eyni zamanda, qaçqın statusu almağa səy göstərirlər. Lakin hazırda Avropa ölkələrində qaçqın statusu almaq həddindən ziyadə çətinləşib. Demək olar ki, praktiki olaraq real deyil".

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə