SƏS Media Qrupu 5 yaşını qeyd etdi

Bəhruz Quliyev: “2014-cü ildə SƏS Media Qrupunun modernləşməsi ilə bağlı planlarımız var”
SƏS Media Qrupu 5 yaşını qeyd etdi

SƏS İnformasiya Agentliyinin 5, SƏS İnternet Televiziyasının 3 yaşı tamam oldu. Əlamətdar günlə bağlı mərasim keçirilib. SİA-nın məlumatına görə, yubiley mərasimində dövlət və ictimaiyyət nümayəndələri, mətbuat qurumlarının rəhbərləri və digər qonaqlar iştirak edib.

Əvvəlcə mərasim iştirakçıları SİA və SƏS TV-nin yaranma tarixi haqqında videoslayda tamaşa ediblər. Mərasimi giriş nitqi ilə SƏS Media qrupunun rəhbəri Bəhruz Quliyev açaraq deyib ki, 2014-cü ilin yanvarın 11-də "SƏS" qəzetinin də 23 yaşı tamam olacaq: "Bizi ruhlandıran amillərdən biri də "SƏS" qəzetinin 20 illiyi münasibətilə cənab Prezident İlham Əliyevin "SƏS"çilərə təbriki oldu. Həmin təbrikdə də "SƏS" qəzeti Ümummilli lider Heydər Əliyevin sevdiyi qəzet kimi xarakterizə olunurdu. Xüsusilə bizi sevindirən amillərdən biri də cənab Prezidentin imzaladığı sərəncamla "SƏS" qəzetinin əməkdaşlarının mükafatlandırılması oldu. Qəzetin 20 illiyində ən böyük təbriki elə dövlət başçısı etdi. Bu, təkcə 5 nəfərin mükafatı deyildi. Ümumilikdə bu, "SƏS"çilərə, "SƏS" ailəsinə verilən mükafat idi. Dövlət başçısı bu mükafatla göstərdi ki, qəzet öz fəaliyyətində, əqidəsində, mövqeyində düzdür və düz yolu tutub.

B.Quliyev SƏS Media Qrupunun 2013-cü ildəki fəaliyyəti ilə bağlı da danışaraq deyib ki, ümumiyyətlə bu il Azərbaycan xalqı üçün çox önəmli olub: "Sevindirici haldır ki, 2013-cü ildə keçirilən seçkilər zamanı seçicilərin iradəsinin ortaya qoyulması və informasiyanın cəmiyyətə çatdırılması baxımından SİA-nın böyük xidmət göstərdi. 2013-cü il Prezident seçkilərində Azərbaycan xalqı bir daha öz liderini seçdi və ona etimad göstərdi. Bu mənada hesab edirəm ki, SƏS Media Qrupu 2013-cü ildə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi və bununla da bir çox uğurlara imza atdı. 2014-cü ildə SƏS Media Qrupunun modernləşməsi ilə bağlı layihələrimiz, planlarımız var. Əminəm ki, keçmişimizi, mövqeyimizi saxlamaq şərtilə modernləşməyə davam edəcəyik.

Xüsusilə qeyd etmək istəyirəm ki, 2013-cü il SƏS Media Qrupunun həyatında daha maraqlı və uğurlu oldu. Belə ki, bu ilin iyul ayının 22-də Azərbaycan Milli Mətbuatımızın yaranmasının 138-ci ilində cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamla SƏS Media Qrupunun 6 əməkdaşı mənzillə təmin olundu".

SƏS Media Qrupunun rəhbəri çıxışının sonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətil bütün Azərbaycan xalqını və "SƏS" kollektivini təbik edib.

Daha sonra SƏS Media Qrupunun kollektivinin 2013-cü ilin yekunu ilə bağlı gizli səsverməsinin 6 nominasiya üzrə – "İlin ən sevilən jurnalisti" – Ceyhun Rasimoğlu, ikinci yer Ceyran Əsgərova, üçüncü yer Rəfiqə Hüseynova, "İlin ən operativ jurnalisti" – Elvin Abdulqədirov, ikinci yer Samirə Abdullayeva, üçüncü yer Samir Feyruzov, "İlin ən yaxşı jurnalisti - Elgün Vidadioğlu, ikinci yer Nailə Ağaverdiyeva, üçüncü yer Rövşən Rəsulov, "İlin ən yaxşı əməkdaşı"- Tünzalə İsmayılova, ikinci yer Ofelya Abbasova, üçüncü yer Mətləbəli Salahov, "İlin ən məsuliyyətli əməkdaşı" – Nərmin Nəsirli, İlham Əliyev, Minarə Hacıyeva, "İlin ən yaxşı texniki işçisi" – Afət Rəsulova, Qismət İsmayılov, Sənubər Məmmədova olmaqla qaliblərin adları açıqlanıb.

Qaliblərə SƏS Media Qrupunun rəhbərliyi adından Diplom və hədiyyələr təqdim olunub.

Daha sonra YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə SƏS Media qrupunun kollektivini həm yubiley, həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edib: "Ötən əsrin 90-cı illərini gözümün önündə canlandıranda, o dövrdə müstəqil qəzet buraxmağın, təsis etməyin necə böyük fədakarlıq tələb etdiyini xatırlayıram. O illər gərgin məqamlarla, hadisələrlə dolu günlər idi. Xüsusilə də, "SƏS" qəzeti kimi bir nəşri təsis etmək qətiyyət, cəsarət tələb edirdi. 1991-ci ilin yanvar ayında hakimiyyətdə olan insanların cəmiyyətə, ölkəyə olan mənfi, kəskin münasibəti, təbii ki, "SƏS" qəzetindən yan keçə bilməzdi. "SƏS" qəzeti bizim ilk dövlətçilik prinsiplərinin qorunması istiqamətində fəaliyyət göstərən ilk mətbuat orqanlarımızdan biridir. "İki Sahil" qəzeti "SƏS" qəzetindən 6 ay sonra fəaliyyətə başlayıb və bu nəşr həmişə bizim üçün örnək olub. "SƏS" qəzeti ziyalıların, haqqın, ədalətin tribunası olub. Bu gün də öz prinsiplərini cəsarətlə, qətiyyətlə qoruyub-saxlayıb və bu mövqeyi inkişaf etdirərək fəaliyyət göstərir. Bir vaxtlar qəzetin 5-10 əməkdaşı var idisə, bu gün onların sayı dəfələrlə artıb. Bu gün qəzetlə yanaşı, informasiya agentliyi, internet-televiziya fəaliyyət göstərir. Bunların hamısı sevindirici haldır. Hesab edirəm ki, qəzetdə çalışan hər bir insan qürur hissi keçirə bilər ki, o, "SƏS"in əməkdaşıdır. Bir daha kollektivi, onun rəhbərini təbrik edirəm və arzu edirəm ki, daha böyük yubileylərinizdə iştirak edək".

Nizami rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov bildirib ki, SƏS Media qrupu artıq cəmiyyətdə öz dəsti-xəttini təsdiqləmiş təşkilatdır: "Kollektivə həm cəmiyyətdə, həm də Respublika rəhbərliyi səviyyəsində yüksək qiymət verilib. Hətta belə bir deyim var ki, "yaxşı işləyib çalışmaq üçün yaxşı yaşamaq lazımdır". Təbii ki, yaxşı yaşamaq üçün də yaxşı işləyib çalışmaq lazımdır. Mən bu kollektivə növbəti illərdə də yaradıcılıq uğurları arzu edirəm".

Sonda isə "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin "Carçı-film" Yaradıcılıq Birliyinin direktoru Hikmət Yaqubov SİA və SƏS TV-nin kollektivinə uğurlar arzu edərək, gələcəkdə internet televiziyasının yayımının daha da genişləndirməsini sözlərinə əlavə edib.

Mərasimə konsert proqramı ilə yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə