"ŞƏXSİYYƏTLƏR" (ЛИЧНОСТИ) jurnalının xüsusi buraxılışının təqdimatı olub YENİLƏNİB
Bakıda "ŞƏXSİYYƏTLƏR" (ЛИЧНОСТИ) jurnalının xüsusi buraxılışına həsr olunan tədbir keçirilir. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, "ŞƏXSİYYƏTLƏR" (ЛИЧНОСТИ) jurnalının baş redaktoru Yuriy Beletskiy, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, Ukrayna Kitab Çapı və Yayımı Assosiasiyasının prezidenti Aleksandr Afonin, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, millət vəkilləri, media kapitanları və digər rəsmi şəxslər iştirak edib.
Mərasim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat və fəaliyyətinə həsr olunan qısametrajlı filmin nümayişi ilə başlayıb.
Çıxış edən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev vurğulayıb ki, Şərqlə Qərb arasında yerləşən Azərbaycan müasirlik, inkişaf, sabitlik, multikulturalizm fenomenlərini rəhbər tutur: "Ölkə modernləşmənin təkcə Qərb modelini deyil, həm də Şərq modelini öyrənir, onun vəhdətini yaradır".
Onun sözlərinə görə, Azərbaycanın hələ keçid dövründə əldə etdiyi güclü dövlətçilik, bazar iqtisadiyyatı, yaxşı investisiya imkanları yenicə müstəqil olan ölkələr üçün olduqca cəlbedicidir, nümunədir: "Çoxmillətli Azərbaycan tarixi boyunca heç vaxt dinlərarası, etnik qruplar arası münaqişələrə səhnə olmayıb və olmayacaq da. Çünki tolerantlıq milli dəyər kimi qorunur. Prezident İlham Əliyevin öz fəaliyyəti ilə dinlərarası, sivizilaziyalararası, mədəniyyətlərarası dialoqa verdiyi bəşəri töhfələr, Azərbaycanı bölgənin humanitar təfəkkür mərkəzinə çevirməsi bunun bariz nümunəsidir".
R.Mehdiyev bildirib ki, şübhəsiz, gələcək nəsillər müasir Azərbaycanın inkişaf yollarını öyrənərkən milli ideyanın həyata keçirilməsi üçün Azərbaycan millətinin birləşməsində, XXI əsrdə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafında müstəsna rol oynamış siyasi və milli lider kimi İlham Əliyevin rolunu qeyd edəcəklər.
PA rəhbəri qeyd edib ki, hazırda demokratik dövlət qurulucuğu, vətəndaş cəmiyyətinin formalaşması və bazar iqtisadiyyatının inkişafı şəraitində ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatının bütün sahələri yenilənir, o cümlədən Azərbaycanın gənc vətəndaşlarının iqtisadi, mədəni və mənəvi tələbatlarını ödəməyə yönəldilmiş yeni gənclər siyasəti formalaşır. Gəncə şəhərinin "2016-cı il Avropanın gənclər paytaxtı" seçilməsi bunu təsdiq edir. Bu əlamətdar hadisə özlüyündə dünya ictimaiyyətinin Prezident İlham Əliyevin gənclər siyasətini tanımasını göstərir: "İlham Əliyev rəhbərliyi dövründə Azərbaycan xalqının sevgi və dərin hörmətini qazanıb. Prezident və xalqın qarşılıqlı ali hissləri İlham Əliyevə güc və əminlik verir ki, ölkəni apardığı yol asan olmasa da, doğru yoldur. Məhz həmin yol xalqımızı yaxşı gələcəyə doğru aparır".
R.Mehdiyev deyib ki, son on il bəşəriyyət tarixi miqyasında çox qısa zaman kəsiyidir. Lakin cəmi 20 yaşı olan dövlət üçün bu, kifayət qədər əhəmiyyətli dövrdür. Məhz buna görə də İlham Əliyevin prezidentliyinin on illiyinə Böyük Yaradıcılıq Yolunun başlanğıcı kimi baxmaq lazımdır. Azərbaycan Prezidentinin rəhbərliyi altında reallaşdırılan Azərbaycanın inkişaf strategiyası təkcə iqtisadi artıma və siyasi sabitliyin yaradılmasına deyil, insan kapitalının yüksəldilməsinə və sosial strukturların dəyişdirilməsinə köklənib. Və bu, dünya ictimaiyyətinin diqqətindən yayınmır: "Prezidentimizin malik olduğu dövlətçilik istedadını və müdrikliyi qiymətləndirməmək mümkün deyil. Məhz İlham Əliyevin bu istedadı, siyasi uzaqgörənliyi və böyük idarəetmə qabiliyyəti sayəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada dayandı".
Onun sözlərinə görə, İlham Əliyev on il ərzində islahat yüklənmələrinin plankasını tədricən qaldıraraq daim ciddi və uzaqgörən dövlət liderinin keyfiyyətlərini nümayiş etdirib. Bu nadir keyfiyyətlər heç də bütün müasir siyasətçilərə xas deyil. Yalnız İlham Əliyev kimi seçilmiş siyasətçilər belə keyfiyyətlərə malikdirlər. Onun qibtə oyadan qətiyyəti və həyata keçirilən tədbirlərin praktiki səmərəliliyi Azərbaycana öz geosiyasi irsini yeni komponentlərlə doldurmağa imkan verir: "İlham Əliyevin fəaliyyəti ölkə hüdudlarından kənara çıxıb, o, vacib beynəlxalq layihələrin həllində fəal iştirak edir. Əminliklə deyə bilərəm ki, hazırda Azərbaycan təkcə enerji sahəsində deyil, həm də məlum olduğu kimi, Avrasiyada geosiyasi trendlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Artıq heç kəs şübhə etmir ki, İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı qlobal planları olan regional dövlət qismində önə çıxarıb. Müasir Azərbaycan böyük geosiyasi əhəmiyyəti olan, iqtisadi uğurları və siyasi təşəbbüsləri dünya ictimaiyyəti tərəfindən tanınan ölkədir. Ölkəmiz böyük intellektual və mədəni potensiala malikdir, Azərbaycanın müasir inkişaf perspektivləri artıq bütün dünyaya sübut etdi ki, təkcə neft və olimpiya deyil, həm də kosmik ölkədir və bu heç də son hədd deyil".
Daha sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə bildirib ki, XX əsr dünyaya bir çox əvəzedilməz şəxiyyətlər yetişdirib: "Türkiyə Mustafa Kamal Atatürklə, ABŞ Franklin Ruzveltlə, Fransa Şarl de Qolla, Azərbaycan Heydər Əliyevlə tarix yaradıb".
A.Əlizadə qeyd edib ki, Azərbaycan Prezident İlham Əliyevlə inkişafının yeni mərhələsinə qədəm qoyub. Bəzi politoloqlar hesab edirdilər ki, XX əsrin başa çatması ilə şəxsiyyətlərin rolu başa çatıb, artıq qloballaşan dünyada menecerlərin dövrü başlayır. Lakin Azərbaycanda İlham Əliyev və dünyanın digər siyasi liderləri bunun belə olmadığını ortaya qoydular. Yeni əsrdə yeni çağırışlar var və bunun üçün də İlham Əliyev kimi liderlərə ehtiyac duyulur. İlham Əliyev ölkənin modernləşdirilməsi kursunu seçib və bu kursun əsasında Azərbaycan xalqının maraqları, mənafeləri durur. Stabil və davamlı inkişaf edən iqtisadiyyatın əsası qoyulub, uğurlu daxili və xarici siyasət həyata keçirilir.
AMEA prezidenti deyib ki, yalnız bu baza ölkədə vətəndaş cəmiyyətinin, elm və mədəniyyətin inkişafını təmin edə bilər. Bu gün Azərbaycan gəncləri dünyanın nüfuzlu universitetlərində təhsil almağa göndərilir. Artıq bütün dünya Bakının multikulturalizm, tolerantlıq və mədəniyyət mərkəzinə çevrildiyini, Prezident İlham Əliyevin böyük şəxsiyyət olduğunu bilir.
"Şəxsiyyətlər" jurnalının baş redaktoru Yuri Beletski və Ukrayna Milli Teleradio Komitəsinin nümayəndəsi Tatyana Demçenko çıxışlarında Prezident İlham Əliyevin həyata keçirdiyi quruculuq işlərinə toxunub və jurnalın xüsusi sayında Azərbaycanın əldə etdiyi uğurların öz əksini tapdığını qeyd ediblər.
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar çıxışı zamanı vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti yüksək səviyyədə davam etdirən Prezident İlham Əliyev Azərbaycanı qüdrətli dövlətə çevirib. Anar Prezident İlham Əliyevə Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərdiyi dəstəyə və qayğıya görə minnətdarlığını bildirib.
Daha sonra Ukrayna Kitab Çapı və Yayımı Assosiasiyasının prezidenti Aleksandr Afonin Azərbaycan Prezidenti İlham Əliyevin daxili və xarici siyasətindən söhbət açıb, mediaya qayğısını yüksək qiymətləndirib.
Millət vəkili Elmira Axundova da Azərbaycan Prezidentinin xarici və daxili siyasətdə əldə etdiyi uğurlardan danışıb. Vurğulayıb ki, bu gün Azərbaycan enerji sahəsində dünya miqyaslı layihələri həyata keçirir.
Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla isə ölkə başçısının təhsilə diqqət və qayğısından danışıb. Qeyd edib ki, hər il yüzlərlə gənc xaricdə təhsil almağa gedir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB