SAM rəhbəri: "Ermənistan müzakirələrdən qaçır"

SAM rəhbəri: "Ermənistan müzakirələrdən qaçır"

"Dağlıq Qarabağ münaqişəsi bizim üçün əsas prioritetdir". SİA-nın məlumatına görə, bu sözləri Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov bu gün keçirilən hesabat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib. Münaqişənin müxtəlif kontekstlərdə araşdırıldığını deyən qurum rəhbəri bildirib ki, problemin həlli ilə bağlı irəli sürülən sülh təşəbbüslərinə biz də qoşuluruq.

Onun sözlərinə görə, Ermənistan status-kvo vəziyyətini saxlamaqda maraqlıdır və onlar çalışırlar ki, münaqişə dondurulmuş şəkildə saxlanılsın: "Lakin Azərbaycan münaqişənin həlli ilə bağlı lazımi işlər həyata keçirir. Biz çalışırıq ki, dünyanın aparıcı beyin mərkəzləri ilə bu istiqamətdə işlər həyata keçirək. Azərbaycan dünyada müxtəlif kontekstlərdə araşdırılır. Ona görə də biz bununla məşğul olan alimləri Azərbaycana yığaraq Dağlıq Qarabağ və digər məsələlərlə bağlı daha düzgün məlumatları onlara çatdırırıq".

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistanın müzakirələrdən qaçdığını dilə gətirən F. Məmmədov vurğulayıb ki, Azərbaycanın son 10 il müddətində həyata keçirdiyi layihələrə Ermənistandan başqa bütün ölkələr qoşulub: "Ermənistan gələcəyini təmin etmək üçün bu layihələrə qoşulmalıdır. Belə vəziyyət çox davam edə bilməz. Ermənistan hər hansı bir layihələrə və ya İttifaqlara qoşulmaqla köklü problemlərini dəyişə bilməyəcək. Əgər beynəlxalq təşkilatlar Ermənistanı cəzalandıra bilmirsə, o zaman Azərbaycan öz tərəfdaşları ilə bu cəzanı tətbiq edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə