Bu gün Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatında Ümummili lider Heydər Əliyevin anım günü qeyd olunub.
SİA-nın məlumatına görə, anım mərasimindən öncə, tədbir iştirakıçıları rayonun mərkəzində ucaldılan Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüb və xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova açaraq bildirdi ki, illər keçdikcə Azərbaycan xalqı Ümummilli lider Heydər Əliyevin böyüklüyünü, müdrikliyini, həyatını həsr etdiyi xalqını, Vətənini necə bir məhəbbətlə sevdiyini daha çox anlayır, dərk edir: "Ümummilli lider daim xalqın saf və ali məqsədlər uğrunda mübarizəsinin önündə dayanmış, əlverişli siyasi şansdan böyük ustalıqla bəhrələnmişdir. Heydər Əliyev dühası Azərbaycan xalq cümhuriyyətinin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini-müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmuşdur. Sağlığında ümummilli liderlik ucalığına qovuşmuş bu müdrik şəxsiyyət böyük fədakarlıqlar hesabına qurub-yaratdığı dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir".
P.Mahmudova qeyd edib ki, Heydər Əliyev Azərbaycanımızın, xalqımızın qarşısında ən böyük tarixi xidmətlərindən biri də onun varisliyin prinsiplərini, mahiyyətini və əhəmiyyətini çox düzgün qiymətləndirməsi və reallıqlarla əsaslandırmasıdır.
Tədbirdə çıxış edən Kəlbəcər rayonundan məcburi köçkün Kamil Abdullayev, Gəlmə kənd orta məktəbin müəllimi Rasif Qaçayev, Rayon Mərkəzləşdirilmiş Kitabxana şöbəsinin direktoru Nailə Əliyeva, Rayon Mədəniyyət və Turizm idarəsinin əməkdaşı Mübariz Səfiyaroğlu çıxış edərək bildiriblər ki, tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Ulu öndər Heydər Əliyevin zəkası bütün sədləri yararaq və qarşıya çıxan heç bir çətinliyə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırıb.
Çıxışlarda yekun olaraq belə bir fikir səsləndirildi ki, illər, əsrlər, qərinələr keçəcək, dahi Heydər Əliyevin şah əsəri olan Azərbaycanda O, anılacaq, xatırlanacaq, ruhuna dualar oxunacaq və həmişə seviləcək.
Sonra tədbir iştirakçılarına Ulu öndərin həyat və ictimai-siyasi fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
İntizarə MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB