YAP rəhbərliyi Ulu öndər Heydər Əliyevi anıb

Bu gün Ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi dahi şəxsiyyəti anıb. SİA-nın məlumatına görə, anma mərasimində Baş nazirin müavini, YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov, icra katibinin müavini Siyavuş Novruzov, Bakı şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalubov, Milli Məclisin sədr müavinləri Ziyafət Əsgərov, Bahar Muradova, millət vəkilləri, ziyalılar və digər şəxslər iştirak ediblər.

Mərasimi giriş nitqi ilə açan Baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov bildirib ki, Ümummili lider Heydər Əliyev hakimiyyətdə olduğu illərdə ədalətli lider kimi qəbul olunub: "Hər bir Azərbaycan vətəndaşının, xalqının qəlbində ədalətli lider obrazı formalaşıb. Heydər Əliyev tək lider deyil, o eyni zamanda sədaqətli ailə başçısı idi. Ulu öndər Azərbaycanın inkişafı yoluna işıq saçan mayak idi".

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev söz alaraq dahi şəxsiyyətin həyat və fəaliyyəti, onun Azərbaycanın inkişafı istiqamətindəki səylərindən danışıb. Diqqətə çatdırıb ki, dahi şəxsiyyət bütün fəaliyyətində sənətçilərə, sənət adamlarına böyük diqqət və qayğı göstərib. Heydər Əliyev Azərbaycanın mənəvi sərvətidir. Onun gördüyü hər bir iş Azərbaycan vətəndaşları tərəfindən müsbət qarşılanıb. Bu siyasi kurs hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Mərkəzi Bankın sədri Elman Rüstəmov isə deyib ki, Ümummilli lider Heydər Əliyev irsinə bütöv yanaşmaq lazımdır: "Dahi şəxsiyyət hakimiyyətə gəldiyi illərdə ölkənin iqtisadiyyatı inkişaf etdi və iqtisadi göstəricilər inanılmaz dərəcədə müsbətə doğru dəyişdi. 300-dən çox müəssisə tikildi və regionlarımızın inkişafı istiqamətində layihələr həyata keçirildi".

Bütün xəbərlər Facebook səhifəmizdə