Qənirə Paşayeva İraq naziri ilə Xocalı Soyqırımı barədə müzakirə aparıb

Millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Azərbaycanda səfərdə olan İraqın Əyalət Məsələləri üzrə Dövlət naziri, Milli Türkmən Haqq Partiyasının sədri Dr. Torhan M.Əl-Müfti ilə görüşüb. SİA-nın məlumatına görə, millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Azərbaycanın İraqla münasibətlərin inkişafına önəm verdiyini, bütün istiqamətlərdə əlaqələrin genişlənməsində və əməkdaşlığın getdikcə daha da dərinləşməsində maraqlı olduğunu deyib. Dağlıq Qarabağ münaqişəsi barədə qonağa ətraflı məlumat verən millət vəkili Qənirə Paşayeva Azərbaycanın bu münaqişənin həllində öz prinsipial mövqeyindən geri çəkilməyəcəyini və torpaqlarını işğaldan azad edəcəyini bildirib.

İraqda 3 milyona yaxın soydaşlarımızın yaşadığını və onları İraq parlamentində 10 millət vəkilini təmsil etdiyini deyən millət vəkili Qənirə Paşayeva bildirib ki, İraq parlamentinin Xocalı Soyqırımı ilə bağlı rəsmi münasibət bildirməsi önəmli addım olardı.

Azərbaycana səfər etməsindən məmnunluq duyduğunu ifadə edən İraqın Əyalət Məsələləri üzrə Dövlət naziri, Milli Türkmən Haqq Partiyasının sədri Dr. Torhan M.Əl-Müfti Azərbaycanda dinamik iqtisadi inkişafın şahidi olduğunu bildirib. Aərbaycanı qardaş ölkə adlandıran İraqın Dövlət naziri Torhan M.Əl-Müfti İraqın Azərbaycanla bütün istiqamətlərdə münasibətlərin inkişaf etdirilməsində, strateji əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu qeyd edib. O həm parlamentlərarası, həm də hökumətlərarası münasibətlərin inkişafının, əməkdaşlığın genişlənməsinin vacibliyinə toxunub və bu istiqamətdə işlərin daha da sürətlənəcəyini deyib. O bildirib ki, onun da daxil olduğu İraq hökumət nümayəndələrindən ibarət heyət Azərbaycanda səfərdədir və Azərbaycanla rabitə, nəqliyyat, təhsil, mədəniyyət, elm sahələrində sazişlər imzalanacaq və bunun da ikitərəfli əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə ümidvar olduğunu deyib.

İraqın Əyalət Məsələləri üzrə Dövlət naziri, Milli Türkmən Haqq Partiyasının sədri Dr. Torhan M.Əl-Müfti İraq türkmənlərinin yeni telekanalının açıldığını və Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını deyib. Millət vəkili Qənirə Paşayeva da öz növbəsində bu əməkdaşlığın qurulması üçün əlindən gələn dəstəyi göstərəcəyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə