Milli Məclisin qadın deputatları Avropa Parlamentində keçirilən tədbirdə Azərbaycanı təmsil ediblər

Milli Məclisin qadın deputatları Avropa Parlamentində keçirilən tədbirdə Azərbaycanı təmsil ediblər

Noyabrın 27-29-da Brüsseldə Avropa Parlamenti Deputat qadınların Qlobal Forumunu keçirib. Bu Forum dünyanın müxtəlif parlamentlərini təmsil edən qadınları bir araya gətirən və onların təmsil etdikləri cəmiyyətləri daha da irəli aparmaq üçün təcrübə mübadiləsinə imkan verən ilk tədbirdir. Tədbirin keçirildiyi günlər 120 il öncə dünyada ilk dəfə Yeni Zelandiyada qadınlara seçib-seçilmək hüququnun verildiyi tarixlə eyni vaxta təsadüf edib.

Forumda 100 ölkədən 400-dən çox qadın deputat iştirak edib. Ölkəmizi bu Forumda Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Sahibə Qafarova və Gülçöhrə Məmmədova təmsil ediblər.

Milli Məclisin deputatları çıxışlarında Azərbaycanda qadınlara seçib-seçilmək hüququnun hələ 1918-ci ildə verilməsindən bəhs edərək, bunun müsəlman Şərqində ilk addım olduğunu Forum iştirakçılarının diqqətinə çatdırıblar. Onlar, həmçinin Azərbaycan qadının ölkənin ictimai-siyasi həyatında, eyni zamanda, təhsil sistemində oynadığı fəal roldan söhbət açıblar.

Forum plenar sessiyalarla yanaşı, müxtəlif mövzularda işçi qrupların iclasları formatında davam edib və Mədəniyyətlər Festivalı ilə yekunlaşıb. Mədəniyyətlər Festivalında Azərbaycan mətbəxinə aid təamlar Forum iştirakçılarına təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə